Avropa Azərbaycan Məktəbi və Qazaxıstan məktəbləri arasında əməkdaşlıq davam edir

Tarix: 23.05.2024 13:56

Qafqaz və Mərkəzi Asiya Ölkələri üzrə İB Dünya Məktəbləri Assosiasiyasının sədri və Avropa Azərbaycan Məktəbinin (EAS) direktoru Francesco Bankini, Qazaxıstanda bir neçə məktəblərə səfər edib. Səfər çərçivəsində F. Bankini, Astana Beynəlxalq Məktəbi, 96 nömrəli orta məktəb, 85 nömrəli orta məktəb və Riviera Beynəlxalq Məktəbi kimi təhsil müəssisələrini ziyarət edib. Məqsəd, bu məktəblərin tədris prosesi, təhsil mühiti və idarəetmə strukturları ilə yaxından tanış olmaq olub.

Françesko Bankini ziyarət etdiyi hər bir məktəbdə təhsil prosesinin təşkili, müəllimlərin peşəkarlığı və şagirdlərin nailiyyətləri haqqında geniş məlumat əldə edib. Ziyarət zamanı məktəblərin rəhbərliyi ilə görüşlər keçirilib, təhsil sahəsindəki yeniliklər və təcrübə mübadiləsi aparılıb. Hər bir məktəbin tədris metodları, istifadə olunan texnologiyalar və şagirdlərin inkişafına yönəlmiş proqramlar ilə tanışlıq, Bankini üçün böyük maraq doğurub.

Astana Beynəlxalq Məktəbi ilə tanışlıq zamanı Bankini, məktəbin tədris mühiti və beynəlxalq təhsil standartlarına uyğun proqramları ilə bağlı müsbət fikirlərini bölüşüb. 96 nömrəli məktəbdə isə şagirdlərin akademik uğurları və məktəbin fənlərarası inteqrasiya təcrübələri haqqında məlumat alıb. 85 nömrəli məktəbdəki ziyarət zamanı, məktəbin innovativ tədris metodları və şagirdlərə yaradılan fərdi yanaşma barədə ətraflı məlumat əldə edib.

Riviera Beynəlxalq Məktəbi tərəfindən təşkil edilən ziyarət, məktəbin tədris mühitinin müasirliyi və təhsil prosesinin keyfiyyəti ilə Bankininin diqqətini cəlb edib. Məktəbin rəhbərliyi ilə keçirilən müzakirələrdə, təhsil sahəsindəki əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi mövzuları müzakirə edilib.

Françesko Bankininin Qazaxıstan səfəri, Avropa Azərbaycan Məktəbi ilə Qazaxıstanın nüfuzlu təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar yaradır.

Xəbər Lenti