“Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi təsdiqlənib

“Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi təsdiqlənib

Tarix: 05 Aug 2026 11:29

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik sənədi təsdiqlənib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sözügedən sənədin əsas məqsədi maliyyə institutlarında bazar davranışı prinsiplərinin tətbiqinə, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması səviyyəsinin artırılmasına, həmçinin bu sahədə effektiv idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin formalaşdırılmasına metodoloji dəstək göstərməkdir. Sənəd banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, investisiya fondlarının idarəçiləri, ödəniş təşkilatları və elektron pul təşkilatlarını əhatə edir.

Metodoloji rəhbərlikdə maliyyə məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi, satış sonrası xidmət, müştərilərlə kommunikasiya, eləcə də biznes prosesləri və idarəetmə prinsipləri ilə bağlı əsas metodoloji yanaşmalar müəyyən edilir.

Sənəddə bazar davranışı prinsipləri, istehlakçı yönümlü korporativ mədəniyyətin formalaşdırılması, maraqlar münaqişəsinin idarə olunması, müqavilə bağlanmazdan əvvəl məlumatların açıqlanması, məhsulların hədəf müştəri seqmentinə uyğunluğunun təmin edilməsi, xidmət keyfiyyəti və əlçatanlığı kimi digər zəruri məsələlər üzrə metodoloji yanaşmalar əksini tapır.

Metodoloji rəhbərliyin tətbiqinin maliyyə institutlarında istehlakçılarla münasibətlərdə şəffaflığın, məsuliyyətli davranışın və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə, maliyyə bazarlarına etimadın möhkəmləndirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafının təşviqinə töhfə verməsi gözlənilir.

Sənəd ilə keçid vasitəsilə tanış olmaq mümkündür.

İlahə Səlimova Mərkəzi Bank

Mənbə: apa.az

Xəbər Lenti