- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 23.05.2024 18:06
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyətində şəhid ailələrini birləşdirən "Kipr şəhid ailələri və qazilər dərnəyi"nin birgə təşkilatçılığı ilə ilkin olaraq biz Şimali Kiprdən olan şəhid ailələrini Azərbaycana dəvət etdik.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ötən gün bununla bağlı konfrans keçirilib, bu gün isə Qarabağa səfər təşkil olunub: "Qonaqlarımızı şəhidlərimizin qanıyla suvarılmış Vətən torpağını ziyarətə gətirdik. Səfər çərçivəsində Şuşanı, Xocalını və Ağdamı gəzdik. Şəhidlərimizi ziyarət etdik. Çox duyğusal anlar yaşadıq. Şimali Kipr insanları ilə bizim acılarımız eyni, yaşadığımız faciələr eynidir. Genosid faciələrimizi , tariximizi xatırladıq. Qarabağın azad olunması ilə bağlı fəxarət dolu fikirlərimizi bölüşdük”.
S. Orucova onu da deyib ki, iyul ayında ŞKTC-dəki iki universitetdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək: “Əminik ki, bizim düşərgədə iştirak edən övladlarımız onların tarixi ilə yaxından tanış olacaqlar. Bu da ortaq dostluqların formalaşmasına təkan verəcək".