- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 26.05.2024 13:43
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2024-cü il mayın 26-da Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.
DİM-dən APA-ya verilən xəbərə görə, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 555 namizəd iştirak edib. Ümumilikdə 139 nəfər (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzrə 132, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzrə 7) nəfər tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 29-31 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.