Çərşənbə, 25 Mart, 2026
Tarix: 31 May 2024 09:09
Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazılır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Deputat deyib ki, Azərbaycan xalqı 28 May Müstəqillik Günündə tarixi anlar yaşadı: "Həm Müstəqillik Günümüzü bayram etdik, həm də Xocalı şəhərinə sakinlərin ilk qayıdışı sevincini yaşadıq. Bu, həmin Xocalıdır ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etməsindən cəmi dörd ay sonra erməni soyqırımına məruz qalmışdı. Artıq ağrılı-acılı günlərimiz geridə qaldı. Mayın 28-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Onlara evlərinin açarları təqdim olundu”.
Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyev ad günlərini və ölkəmiz üçün əlamətdar günləri xalqın arasında keçirir, vətəndaşları xoş xəbərlərlə müjdələyir: "28 May bayramını da son üç ildir ki, dövlətimizin başçısı doğma yurdlarına qayıdan sakinlərlə qeyd edir. 2022-ci ildə Ağalı sakinləri ilə görüşən Prezident 2023-cü ildə Laçın şəhərinin sakinlərilə görüşərək onlara evlərinin açarını təqdim etmişdi. Bu ilki Müstəqillik Günündə isə bu sevinci Xocalı sakinləri yaşadı".
Deputat vurğulayıb ki, Xocalı şəhəri erməni vandalizminin ilk ünvanlarından biridir. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir: "Qeyd olunan tarixdə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. İşğal illərində bütün digər qaçqın və məcburi köçkün soydaşlarımız kimi, xocalılar da böyük çətinliklərlə üzləşiblər. Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin, ilahi ədalətin təntənəsidir ki, xocalılar onlar üçün və bütün Azərbaycan xalqı üçün müqəddəs şəhərə çevrilən Xocalıya qayıtmağın sevincinə qovuşublar. Beləliklə, dövlət başçısının dediyi kimi, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. İşğaldan azad edilmiş digər ərazilər kimi Xocalı şəhəri də yüksək səviyyədə bərpa olunur. Qısa müddətdə Xocalıda böyük həcmli işlər görülüb, bir sıra layihələr uğurla tamamlanıb. Hələ şəhərin yenidən qurulması planlarının birinci mərhələsi üzrə işlər aparılır. Prezident İlham Əliyevin vurğuladığı kimi Xocalı müasir şəhər olacaq. Nəzərdə tutulan planlara görə, Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar formalaşdırılacaq. Şəhərdə yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub".
Fatma Yıldırım qeyd edib ki, Xocalı qədim Azərbaycan torpağıdır: "Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdı ki, bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Qalib Azərbaycan tarixi ərazilərimizdə, o cümlədən də Xocalıda separatizm yuvasının qalması ilə barışa bilməzdi. Əslində, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən cənab Prezident İlham Əliyev Xankəndinin, Xocalının və digər yaşayış məntəqələrimizin də separatçılardan təmizlənməsinin planlarını götür-qoy etmişdi. Dövlətimizin başçısı ötən il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı və separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Məlumdur ki, Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Cənab Prezidentin dediyi kimi, Ermənistan özü bunu etiraf etməlidir, bizdən üzr istəməlidir".