Çərşənbə axşamı, 15 Sentyabr, 2026
Tarix: 15 Sep 2026 11:28
2026-cı ilin ilk 6 ayında Azərbaycanın xaricə yatırdığı birbaşa xarici investisiyaların əsas istiqamətlərindən biri İtaliya olub.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycanın xaricə birbaşa xarici investisiyalarının həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib.
AMB rəsmisi qeyd edib ki, xaricə yönəldilən birbaşa investisiyalarda ilk beşliyə İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan daxil olub.
Samir Nəsirov bildirib ki, bu investisiyaların əsas hissəsi İtaliyaya yönəlib. Belə ki, Azərbaycan tərəfindən İtaliyanın enerji sektoruna təxminən 3 milyard dollar həcmində sərmayə yatırılıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın enerji şirkəti "Italiana Petroli"nin (IP) səhmlərinin 99,82%-ni əldə edib.
AMB rəsmisi əlavə edib ki, bu cür investisiyalar gələcək dövrlərdə Azərbaycanın ilkin gəlirlər balansında gəlir yaradan əsas mənbələrdən biri olacaq.
Rahim Tarıverdiyev investisiya İtaliya yatırımMənbə: apa.az