Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 10:26
ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə bir sıra aparıcı Amerika media qurumları arasında yaranmış qarşıdurma fonunda Ağ Ev “Trump TV: The Essentials Station” adlı 24 saatlıq rəqəmsal yayım kanalını işə salıb.
APA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yayılıb.
Yayım Ağ Evin “YouTube” kanalında həyata keçirilir və administrasiyanın əsas açıqlamalarını, prezidentin çıxışlarını və digər videomaterialları əhatə edir. Ağ Ev kanalı real vaxt rejimində yenilənən 24 saatlıq yayım kimi təqdim edib.
“Trump TV”nin işə salınması ABŞ administrasiyasının CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə girişini məhdudlaşdırmasından sonra baş verib. Sözügedən media qurumları bu qərardan sonra administrasiyanı məhkəməyə veriblər.
Qeyd edək ki, ABŞ-ın aparıcı televiziya şəbəkələri də Ağ Evin CNN-nə qarşı tətbiq etdiyi məhdudiyyətə etiraz olaraq prezidentin tədbirlərinin birgə televiziya yayımını dayandırıb. ABC, CBS, Fox News və NBC bu qərara qoşulub.
Nəticədə sentyabrın 21-də Ağ Evin həyətində yeni helikopter meydançasının təqdimatı zamanı Trampın çıxışının televiziya kanallarında canlı yayımı baş tutmayıb. Ağ Evin yaydığı görüntülərdə isə prezidentin səsi əsasən helikopterin səsi fonunda eşidilib.
İlqar Xudiyev Tramp Ağ Ev ABŞ Trump TVMənbə: apa.az