Tramp “daha yaxşı gələcək” naminə Si Cinpinlə birgə işi davam etdirməyə hazırdır

Tramp “daha yaxşı gələcək” naminə Si Cinpinlə birgə işi davam etdirməyə hazırdır

Tarix: 24 Sep 2026 18:46

ABŞ və Çin liderləri süni intellekt, texnologiya, təhlükəsizlik məsələlərini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Çin Xalq Respublikasının Sədri Si Cinpini qarşılayarkən deyib.

“Bu səfər zamanı təhlükəsizlik, texnologiya və superintellekt (süni intellekt) ilə bağlı aktual məsələləri də müzakirə edəcəyik. Bu sahələrdə bu gün qəbul etdiyimiz qərarlar qarşıdakı onilliklər ərzində sülh və rifahın təşviqinə xidmət edə bilər”, — Tramp bildirib.

ABŞ Prezidenti görüşdən gözləntilərinin yüksək olduğunu, “daha yaxşı gələcək” naminə Si Cinpinlə birgə işi davam etdirməyə hazır olduğunu vurğulayıb.

“Əminəm ki, birlikdə çox şeyə nail ola bilərik”, — o qeyd edib.

Tramp, həmçinin, ABŞ və Çin xalqlarını tarix boyu birləşdirən ümumi maraqlardan danışıb. Tramp iki ölkənin İkinci Dünya müharibəsi zamanı müttəfiq kimi birgə mübarizə apardıqlarını xatırladıb.

“Tarix boyu bu ümumi maraqlar xalqlarımızı geniş okeanlar, böyük məsafələr və çoxsaylı fərqlərə baxmayaraq, bir-birinə bağlayıb və hətta bizi İkinci Dünya müharibəsində müttəfiq edib”, — ABŞ prezidenti qeyd edib.

Tramp müharibə illərində Çinə yardım etmək üçün ölkəyə gedən amerikalı pilotları da xatırlayıb, “Flying Tigers” (“Uçan pələnglər”) qrupundan danışıb.

“Cəsur amerikalı pilotlar Çinə könüllü şəkildə gəlib əfsanəvi bir ölkənin yaşaması uğrunda mübarizə apardılar. Həmin əfsanəvi “Flying Tigers” qrupu — onlar həqiqətən inanılmaz idilər”, — ABŞ Prezidenti əlavə edib.

Toğrul Quluzadə Donald Tramp ABŞ prezidenti ÇXR sədri Si Cinpin Ağ Ev

Mənbə: apa.az

Xəbər Lenti