Çərşənbə axşamı, 29 Sentyabr, 2026
Tarix: 29 Sep 2026 03:38
Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə Slovakiyaya Ukraynaya hədiyyə edilən hərbi texnikaya görə 105 milyon avro kompensasiya ödəyəcək.
APA xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin müdafiə siyasəti bölməsinin baş direktoru Robert Bestro bildirib.
“Slovakiya üçün Avropa Sülh Fondundan daha 105 milyon avro əldə etdik. Bu vəsait artıq reallıqdır. Qərar bu həftə qəbul edilib”, - o bildirib.
Bestro qeyd edib ki, bu vəsait Slovakiyanın daha əvvəl aldığı kompensasiyaya əlavə olacaq.
Qeyd edək ki, Slovakiyanın əvvəlki hökuməti 2022-ci ildən etibarən Ukraynaya, o cümlədən MiQ-29 qırıcıları və S-300 hava hücumundan müdafiə sistemi verib.
Hazırkı Slovakiya hökuməti isə Ukraynaya silah və sursatın hədiyyə edilməsi praktikasından imtina edib. Bununla belə, Slovakiya şirkətlərinin kommersiya əsasında bu ölkəyə silah tədarük etməsinə icazə verilir.
Mənbə: apa.az