Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 04 Oct 2026 18:57
Braziliyada prezident seçkilərinin birinci turunda səsvermə davam edir. Son sorğular hazırkı Prezident Luiz İnasio Lula da Silva ilə senator Flavio Bolsonaro arasında fərqin minimuma endiyini göstərib.
APA Reuters -ə istinadən xəbər verir ki, ölkədə 158,7 milyondan çox seçicinin səsvermə hüququ var. Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və saat 17:00-da bağlanacaq.
Seçki günü həm Lula, həm də Bolsonaro səs verib. Lula San-Paulu yaxınlığındakı San-Bernardu-du-Kampuda səsverməyə qatılıb. 80 yaşlı dövlət başçısı birinci turda qalib gələcəyinə inandığını bildirib və yaşı 70-dən yuxarı olan seçiciləri də səsvermədə iştirak etməyə çağırıb. Braziliyada bu yaş qrupunda səsvermə məcburi deyil.
Flavio Bolsonaro isə Rio-de-Janeyroda səs verib. O, jurnalistlərə açıqlamasında Braziliyanın dəyişikliyə ehtiyacı olduğunu bildirib və ölkəyə rəhbərlik etməyə hazır olduğunu deyib.
Seçki məntəqələrində beynəlxalq müşahidəçilər də prosesi izləyirlər. Lula tərəfdarlarının bir qismi qırmızı geyimlərdə, Bolsonaro tərəfdarları isə Braziliya bayrağının sarı və yaşıl rənglərində səsverməyə gəliblər. Təhlükəsizlik tədbirləri gücləndirilib.
Seçkiqabağı son sorğular mübarizənin nə qədər gərgin olduğunu göstərib. “Datafolha”nın sorğusunda Lula 45, Bolsonaro 42 faiz səs toplayıb. “Quaest” sorğusunda isə fərq cəmi bir faiz bəndi olub: Lula 46, Bolsonaro 45 faiz dəstək qazanıb. CNT/MDA sorğusunda Lula 47,8, Bolsonaro isə 42,1 faizlə qiymətləndirilib.
Namizədlərdən heç biri etibarlı səslərin 50 faizindən çoxunu toplaya bilməsə, oktyabrın 25-də ikinci tur keçiriləcək. İlkin nəticələrin elektron səsvermə sistemi sayəsində məntəqələr bağlandıqdan bir neçə saat sonra açıqlanması gözlənilir.
Braziliya Braziliya seçkiləri Lula da Silva Flavio Bolsonaro prezident seçkiləri seçki səsvermə ikinci tur Jair Bolsonaro Latın Amerikası
Mənbə: apa.az