Cümə axşamı, 8 Oktyabr, 2026
Tarix: 07 Oct 2026 13:01
Bakıda Slovakiya-Azərbaycan Turizm və SPA Sektoru Forumu keçirilib.
APA xəbər verir ki, forumda Azərbaycan və Slovakiyanın turizm sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, şirkət və biznes dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, turizm sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı səfərlərin artırılması və biznes əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub.
Forumda çıxış edən Slovakiya səfirliyinin birinci katibi Sona Krajcova Azərbaycanla Slovakiya arasında yeni hava marşrutunun istifadəyə verilməsinin iki ölkə arasında münasibətlərin yeni mərhələsinə töhfə verəcəyini bildirib.
"Slovakiyanın zəngin mədəniyyəti və qastronomiyası, slavyan mətbəxi, məşhur şərabçılıq bölgələri və yerli əhalinin qonaqpərvərliyi turistlər üçün cəlbedici imkanlardır. Yeni hava marşrutu turizm əlaqələrinin, mədəni mübadilənin və humanitar əməkdaşlığın inkişafına töhfə verəcək”, - o qeyd edib.
Forum çərçivəsində Slovakiya turizm sektoru üzrə təqdimatlar keçirilib, Azərbaycan və Slovakiya nümayəndələri arasında B2B görüşlər təşkil olunub.
Tədbirdə Bratislava-Bakı birbaşa hava əlaqəsinin iki ölkə arasında turizm əlaqələrinin inkişafına verə biləcəyi töhfələr də diqqət mərkəzində olub.
Qeyd olunub ki, oktyabrın 28-dən etibarən Bakı ilə Bratislava arasında başlayan hava uçuşları üçün turizm operatorları ilə əməkdaşlıq çərçivəsində qrup biletlərinin alınması və müntəzəm əməkdaşlıq çərçivəsində sabit qiymətlərlə bilet bronlaşdırılması imkanları təqdim olunur.
Tədbirin sonunda Slovakiya və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İlqar Xudiyev Slovakiya turizm forumMənbə: apa.az