Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var

Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var

Tarix: 07 Oct 2026 20:26

Lerikdə iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.

APA-nın Cənub bürosunun məlumatına görə, qəzalardan biri rayonun Blaband kəndində qeydə alınıb.

Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121” (“Niva”) markalı avtomobil hərəkətdə olarkən “UAZ” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “Niva”da olan üç nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri, Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Müalicəsi xəstəxanada davam etdirilir.

Digər yol-nəqliyyat hadisəsi Lənkəran-Lerik magistralının 39-cu kilometrliyində qeydə alınıb. Lerik rayonunun Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişini – onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Lerik yol qəzası xəsarət Lənkəran

Mənbə: apa.az

Xəbər Lenti