Çərşənbə, 14 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 15:33
Azərbaycan müstəqil dövlətdir, təhsili dünyəvi təhsildir. Vahid məktəbli forması sosial bərabərliyin təmin olunmasına yönələn addımdır.
Bunu APA-ya açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun, Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, elmlər doktoru, dosent Səadət Məmmədova deyib.
O deyib ki, Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qəbul etdiyi qərar təkcə dini atributların deyil, ümumiyyətlə məktəbli formasına zidd olan hər bir vasitənin qarşısının alınmasına yönəlib: “Həmin qanunda xüsusi olaraq dini geyimlərin istifadəsinə icazə verilmədiyi qeyd olunmayıb. Orada göstərilib ki, bütün məktəblilər uyğun saç düzümündən, uyğun forma, hətta ayaqqabıdan istifadə etməli, müxtəlif bəzək əşyalarının istifadəsinə yol verməməlidir. Bu haqda həm şagirdlərə, həm valideynlərə müraciət olunub. Bunu xüsusi olaraq dini geyimlərə qarşı olan bir qərar kimi qəbul etmək düzgün deyil. Eyni zamanda, buna etiraz edərək dövlətimizə, təhsilimizə qarşı gəlmək təxribatdır. Bu işdə valideynlər xüsusi məsuliyyət daşıyır. Onlar övladlarını başqa geyimdə məktəbə göndərirlər, icazə verilmədikdə isə etiraz edirlər".
O deyib ki, insanlar müəyyən bir yaşa çatandan sonra dini geyimin mahiyyətini dərk edərək geyinsələr, daha yaxşı olar: “Qatı dindar ölkələrdə belə qızlara müəyyən yaş dövründən sonra örtünmək icazəsi verilir. Valideynlər uşaqlara seçim azadlığı verməlidir. Uşaqlara seçim azadlığının verilməməsi uşaq hüquqlarının pozulması deməkdir. Sosial bərabərlik üçün bu qərarın verilməsi doğru addımdır. Bu baxımdan, valideynlər arasında bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır”.
Mənbə: apa.az