Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 23:40
Liviyanın paytaxtı Tripolidə bir qrup silahlı şəxs ölkənin Hesablama Palatasının qərargahına daxil olaraq qurumun rəhbərliyinin dəyişdirilməsinə nail olmağa çalışıb.
“Al Hadath” telekanalının məlumatına görə, maskalı silahlılar Ənvər əl-Hauşun Hesablama Palatası sədrinin müavini vəzifəsinin icrasına başlamasını təmin etmək məqsədilə binaya daxil olublar.
Bildirilib ki, bu vəzifənin icrası ona Ali Dövlət Şurasının sədri Məhəmməd Takala tərəfindən həvalə edilib. Lakin qərar həm Ali Dövlət Şurasında, həm də ölkənin şərqində fəaliyyət göstərən Nümayəndələr Palatasında etirazla qarşılanıb.
Telekanalın məlumatına əsasən, basqında iştirak edən silahlılar Milli Birlik Hökumətinə tabe olan 444-cü briqadanın üzvləridir.
BMT-nin Liviyaya Dəstək Missiyası hadisəni pisləyərək mübahisəli təyinatın zor tətbiq etməklə həyata keçirilməsi cəhdini qəbuledilməz adlandırıb.
Missiya silahlı müdaxilənin dərhal dayandırılmasını və silahlı şəxslərin Hesablama Palatasının binasından çıxarılmasını tələb edib.
BMT nümayəndələri bu cür hərəkətlərin qanunun aliliyinə və dövlət qurumlarının müstəqilliyinə təhlükə yaratdığını vurğulayıblar.
Missiya kadr təyinatları ilə bağlı mübahisələrin yalnız Liviya qanunvericiliyində nəzərdə tutulan hüquqi mexanizmlər vasitəsilə həllinə çağırıb.
Liviya Tripoli Hesablama Palatası silahlı basqın BMT Milli Birlik Hökuməti 444-cü briqada Ənvər əl-Hauş
Mənbə: apa.az