İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya  şamil olunmadığı əməliyyatlar müəyyənləşib

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya şamil olunmadığı əməliyyatlar müəyyənləşib

Tarix: 23 Oct 2026 17:31

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların siyahısı: Azərbaycan Respublikası mənşəli olmayan malların ixracı; malların mənşə sertifikatı ilə müşayiət olunmadan ixracı; beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılması; Azərbaycan Respublikasının ərazisində yaradılmış rüsumsuz ticarət mağazalarında malların satılması; sərhədyanı ticarət çərçivəsində malların satışı; malların əvəzsiz (haqqı ödənilmədən) ixracı; humanitar yardım kimi göndərilən malların ixracı; malın gömrük ərazisini tərk etməsindən 210 gün keçdikdən sonra müraciət olunan ixrac əməliyyatları; malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi; xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracı; təkrar ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici malların ixracı; malların Azərbaycan Respublikasının ərazisində yaradılmış Ələt azad iqtisadi zonasına, sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışı; barter əməliyyatları çərçivəsində malların ixracı; Ələt azad iqtisadi zonasında, sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda istehsal olunmuş malların ixracı; gömrük anbarında yerləşdirilmiş xarici malların ixracı; ixrac edilmiş malın sonradan Azərbaycan Respublikasının ərazisinə geri qaytarıldığı ixrac əməliyyatları (ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi ödənildikdən sonra həmin dəstəyin aid olduğu mal Azərbaycan Respublikasının ərazisinə tam və ya qismən geri qaytarıldığı halda dəstək məbləği mütənasib şəkildə ixracatçı tərəfindən qaytarılır);

2

əldə edilmiş vəsaitin hüquqi aktlarla müəyyən olunmuş şərtlərə əsasən və (və ya) müddətdə Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına köçürülmədiyi ixrac əməliyyatları; 2026-cı il sentyabrın 1-dək ixrac gömrük proseduru altında yerləşdirilmiş malların ixracı. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı şəxslərin siyahısı: müflis elan olunanlar, yaxud barələrində iflas proseduruna başlananlar, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən vergi borcunun ödənilməsinə görə möhlət hüququ olan şəxslər istisna olmaqla dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyiciləri, gömrük borcunu ödəməyən xarici ticarət iştirakçıları; dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər; vergi, qaçaqmalçılıq, gömrük ödənişlərinin ödənilməsindən yayınma cinayətlərinin törədilməsinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər və ya onların təsis etdikləri digər hüquqi şəxslər; hasilatın pay bölgüsü haqqında sazişlərin podratçıları və əməliyyat şirkətləri, həmçinin faydalı qazıntıların hasilatı ilə məşğul olanlar; Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərar olan şəxslər; gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şəxslər (təmsil etdikləri şəxslərin ixrac etdikləri mallara münasibətdə); ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin, habelə ixrac və daxili daşıma dəstəkləri məbləğlərinin qaytarılması öhdəliyini icra etməmiş şəxslər; sərbəst zonaların və xüsusi iqtisadi zonaların rezidentləri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq iri sahibkarlıq subyekti hesab edilən ixracatçılar; Ələt azad iqtisadi zonasının hüquqi şəxsləri və inzibati müəssisələri.

Firuzə Vahid İxrac kompensasiya

Mənbə: apa.az

Xəbər Lenti