Bazar, 1 Noyabr, 2026
Tarix: 31 Oct 2026 22:26
Ukraynadakı münaqişə müəyyən mənada dalana dirənib və vəziyyətin daha da gərginləşməsi təhlükəsi mövcuddur.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Atlantada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rubio Ukraynada danışıqlar yolu ilə sülhə nail olmağın mümkün olub-olmadığını bilmədiyini qeyd edib.
“Biz də məhz bunu müəyyən etməyə çalışırıq. Düşünmürəm ki, kimsə sülh sazişinin imzalanması ərəfəsində olduğumuzu iddia edir. Bildirə bilərəm ki, ABŞ-də Cared Kuşner və Stiv Uitkoff kimi şəxslər demək olar ki, bütün vaxtlarını Ukrayna və İran məsələlərinə həsr edirlər. Onlar yalnız bu məsələlərə diqqət yetirirlər”, – dövlət katibi vurğulayıb.
Rubio Ukraynadakı münaqişənin mənfi təsirlərinin Qara dənizdə də müşahidə olunduğunu bildirib.
O, həmçinin Atlantada G20 toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbət etdiyini, lakin tərəflər arasında genişformatlı görüş keçirilmədiyini açıqlayıb.
ABŞ dövlət katibi Vaşinqton və Moskva arasında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ və Rusiyanın nüvə dövlətləri olması iki ölkə arasında dialoqun qorunmasını xüsusilə əhəmiyyətli edir.
ABŞ Rubio Ukrayna RusiyaMənbə: apa.az