Çərşənbə axşamı, 17 Noyabr, 2026
Tarix: 17 Nov 2026 11:32
Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiyadan keçməməsi ilə bağlı mediada məlumatlar yayılıb.
Belə ki, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alıb. Yayılan məlumatlarda Akademiyanın qiymətləndirmədən mənfi nəticə aldığı bildirilib.
Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və nəticələr Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq müvafiq qərar qəbul edilir.
“Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və akkreditasiyanın nəticələri Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar qəbul edilir. Şuranın qərarları barədə Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilir.
Bununla əlaqədar, Akademiyanın institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri barədə yayılan məlumatların rəsmi qərar kimi təqdim olunması düzgün deyil. Məsələ ilə bağlı ictimaiyyətə yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edirik”, – məlumatda qeyd olunub.
Gülcahan İmanqızı Elm və Təhsil Nazirliyi Dövlət İdarəçilik Akademiyası akkreditasiyaMənbə: apa.az