Çərşənbə, 18 Noyabr, 2026
Tarix: 18 Nov 2026 20:16
Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 43-cü ildönümü münasibətilə noyabrın 18-də Bakıda tədbir təşkil edilib.
APA xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirilib.
Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer Azərbaycan xalqını Milli dirçəliş günü və Zəfər günü münasibətilə təbrik edib.
O, böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb.
Ufuk Turganer onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Kipr türk xalqına göstərdiyi dəstək iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır.
“Türk dünyasının ayrılmaz bir hissəsi olan Şimali Kipr Türk Respublikası ilə qardaş Azərbaycan arasındakı misilsiz əlaqələr çərçivəsində ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əməkdaşlıq və münasibətlər gündən-günə artır və dərinləşir”, – Ufuk Turganer vurğulayıb.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, il ərzində Şimali Kiprdən çoxsaylı rəsmi nümayəndə heyətləri Azərbaycana səfər edərək ölkəni daha yaxından tanımaq imkanı əldə ediblər.
Ufuk Turganer 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Şimali Kipr Türk Respublikasına təşkilatda müşahidəçi statusunun verilməsini də xüsusi vurğulayıb.
“Bu hadisə Şimali Kipr Türk Respublikasının və Kipr türk xalqının türk dünyasının ayrılmaz bir hissəsi olduğunu bir daha təsdiqlədi”, –o bildirib.
Turganer onu da əlavə edib ki, Şimali Kipr qardaş türk dövlətləri ilə əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bütün institutları, təşkilatları və mövcud resursları ilə çalışır.
Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev çıxışında Azərbaycan xalqı adından Kipr türk xalqını 43-cü ildönümü münasibətilə təbrik edərək iki ölkə arasında əlaqələrin inkişafından danışıb.
"Ölkələrimiz arasında birbaşa əlaqələrin əsası 1997-ci ildə Azərbaycanda Şimali Kipr Türk Respublikasının Nümayəndəliyinin açılması ilə qoyulub. 2024-cü ilin aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Şimali Kipr Türk Respublikasının Assambleyası arasında İşçi Qrupunun yaradılması millətlərimiz arasında parlament diplomatiyasının əsasını qoydu. İşçi Qrupumuz hər iki ölkədən olan müvafiq dövlət qurumlarını, özəl biznes dairələrini və vətəndaş cəmiyyəti təşkilatlarını cəlb etməklə siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafını təşviq etmək üçün fəaliyyət göstərir", - o deyib.
Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.
İlqar Xudiyev












Mənbə: apa.az