BTQ-nin İcraçı direktoru: Fransanı müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə çağırırıq

Tarix: 31.07.2024 19:15

“Təəssüf hissi ilə qeyd edirik ki, sözügedən hesabatda Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupu ilə bağlı yer alan iddialar qərəzli, qeyri-obyektiv və əsassızdır. Hesabatda Azərbaycanın “bütün azimutlardan” təhdid edən yeni rəqib dövlət kimi qeyd olunması ölkəmizin beynəlxalq sülh və sabitlik naminə apardığı fəaliyyətləri tamamilə yanlış bir kontekstdə göstərməyə xidmət edir və Fransa ictimaiyyətini bilərəkdən çaşdıraraq Azərbaycanı düşmən obrazında təqdim etmək, eləcə də Bakı Təşəbbüs Qrupunun dekolonizasiya istiqamətində dünyada gördüyü böyük işləri məqsədli şəkildə ləkələməyə hesablanıb”.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov Fransa Senatının Xarici Müdaxilələrə dair Tədqiqat Komissiyasının “Zərərli Xarici Müdaxilələrə qarşı Mübarizə. Bütün Millətin Yeni Soyuq Müharibəyə qarşı Səfərbərliyi” adlı ilkin Hesabatını şərh edərkən deyib.

Abbas Abbasov BTQ-nin əsas missiyasının kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq və müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərmək olduğunu bildirib: “Yaranmasından bir il keçməsinə baxmayaraq, BTQ BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında və dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edib. Bu tədbirlərdə iştirakçılar Fransanın kolonial və neokolonial cinayətlərini ifşa edən məlumatlar təqdim edib, müvafiq petisiyalara start veriblər.

Bildiririk ki, BTQ yalnız müstəmləkəçilik və neokolonializmə qarşı mübarizəni müdafiə edir və heç bir halda Fransa cəmiyyətinin destabilizasiyasını hədəfləmir. Əksinə, Fransa, daxili problemlərini başqalarının üzərinə atmaq üçün bəhanələr axtararaq, beynəlxalq münasibətləri gərginləşdirməkdə və müstəmləkəçilik siyasətinin törətdiyi ədalətsizliklərdən diqqəti yayındırmaq siyasətini həyata keçirir. Bu siyasət Yeni Kaledoniya, Fransız Polineziyası və Korsika kimi bölgələrdə insan hüquqlarının pozulması, iqtisadi bərabərsizliyin artması və mədəniyyətlərin yox olması ilə nəticələnir. Fransa, bu ərazilərdəki xalqların haqlı mübarizəsini görməzdən gələrək, öz kolonial keçmişini ört-basdır etməyə çalışır ki, bu da beynəlxalq öhdəliklərə əməl etməmək deməkdir”.

BTQ-nin İcraçı direktorunun sözlərinə görə, Fransaya qarşı “islamofobiya” mövzusu ilə bağlı fəaliyyət göstərilməsi iddiası, ölkəmizin və BTQ-nin öz müstəqil mövqeyini ifadə etməsinə yönəlmiş yeni bir dezinformasiyadır.

“Bu iddialar, BTQ-nin fəaliyyətini dini kontekstdə marginallaşdırmaq və “küncə sıxaraq” ənənəvi dini don geydirmək niyyətindən xəbər verir. Bildiririk ki, BTQ-nin fəaliyyətində dinə və ya etnik mənsubiyyətə əsaslanan ayrı-seçkilik yer almır, əksinə, təşkilat bütün xalqların azadlıq və hüquqlarını təmin etmək üçün din, dil, etnik mənsubiyyətindən asılı olmayaraq bütün müstəmləkə xalqlarının azadlıq mübarizəsini beynəlxalq hüquq çətiri altında dəstəkləyir və əməkdaşlığı təşviq edir.

Biz, Fransa hökumətini müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə, habelə BTQ-nin qaldırdığı müstəmləkələrlə bağlı haqlı iradları qəbul və əməl etməyə çağırırıq”, - deyə Abbas Abbasov vurğulayıb.

Xəbər Lenti