Diaspor fəalları ŞKTC-də Azərbaycanı təmsil edib - VİDEO

Tarix: 10.08.2024 16:11

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yaşayan Azərbaycan diaspor fəalları "Alagadi" festivalında ölkəmizi layiqincə təmsil ediblər.

APA xəbər verir ki, festival Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok tərəfindən təşkil olunub.

Tədbirin açılışını Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok, ŞKTC turizm naziri Fikri Ataoğlu, diaspor fəalı Fuad Səfərəliyev ediblər

Festivalın keçirildiyi ərazidə Azərbaycan guşəsini yaradan diaspora fəalı, iş adamı Fuad Səfərəliyev deyib ki, beş min nəfərdən çox insanın qatıldığı tədbirdə Azərbaycan layiqincə təmsil edilir.

"Bu tədbir hər il təşkil edilir. Biz isə diaspora fəalları olaraq ilk dəfədir ki, festivalda iştirak edirik. Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə və İrandan nümayəndələr öz ölkələrinin mədəniyyətini təmsil edir. Biz də özümüzə borc bildik ki, Azərbaycanın milli mətbəxini, tarixini, geyimlərini, bir sözlə zəngin mədəni irsini nümayiş etdirək" - deyə. F.Səfərəliyev vurğulayıb.

Onun sözlərinə görə, iştirakçılar Azərbaycan guşəsinə böyük maraq nümayiş etdiriblər. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da Azərbaycan guşəsinə yaxınlaşaraq xatirə fotosu çəkdirib.

F.Səfərəliyev həmçinin qeyd edib ki, ŞKTC-də yaşayan diaspora fəalları bütün sahələrdə aktivdirlər. Onlar 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 50 nəfərlik heyət ilə Ankaraya gedərək Prezident İlham Əliyevə öz dəstəklərini nümayiş etdiriblər.

Xəbər Lenti