- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 12.08.2024 13:00
Qazax yazıçısı Smaqul Yelubayevin APA-ya müsahibəsi
Məkan: Məkkə, Mina vadisi.
Zaman: Həcc ziyarəti vaxtı.
Söhbət əsnasında bizimlə eyni otaqda qalan qazaxıstanlı zəvvarlardan öyrənirəm ki, onlarla gələnlərdən biri və bütün gün açılma yatağında uzanıb, əlində tutduğu dəftərcəsinə nəsə yazan qoca kişi qazax yazıçısı Smaqul Yelubayevdir. Açığı adını ilk dəfə eşidirəm və dərhal internetdə axtarış verib, onun həm də kinodramaturq olduğunu, ssenarilər yazdığını öyrənirəm. Düzü hazırkı geyim-keçimim, şərait müsahibəyə imkan verməsə də, fürsəti qaçırmaq istəmirəm. Deyirəm, heç olmasa yaxınlaşıb tanış olum, əgər razılaşsa, müvafiq vaxtda müsahibə də götürərəm.
Smaqul bəyə yaxınlaşıb özümü təqdim etməyə bəndəm. Müsahibə götürmək niyyətində olduğumu söyləyən kimi elə könülaçan sözlər danışır ki, diktofonu qoşmaya bilmirəm. Beləcə Mina vadisindəki istirahət otağımızda qazax yazıçı-jurnalisti, Smaqul Yelubayev ilə bu spontan müsahibə alınır:
- Biz uzun illər Qarabağ ətrafında baş verənləri izləyirdik. Təbii ki, qardaş olduğumuz üçün Azərbaycanın yanındaydıq. Ötən il Azərbaycan Qarabağı bütünlükdə qaytardığı zaman isə biz çox sevindik. Sevincimizin həddi-hüdudu yox idi. Nəhayət, Azərbaycan öz suverenliyini bütövlükdə bərpa etdi. Bu, çox böyük qələbədir. Biz də bu qələbəyə ürəkdən sevinənlərdənik. Türkiyə ilə Azərbaycanın qardaşlığı Turan İttifaqının əsasını qoyub və Qarabağın azad edilməsi bizim kimi Mərkəzi Asiya dövlətləri üçün də Azərbaycan vasitəsilə Türkiyəyə qovuşmağımızı təmin edir. Biz bunu çox istəyirik. Bir halda ki, Qarabağ müharibəsi artıq yekunlaşıb, biz Azərbaycandan Türkiyəyə yolun açılmasını arzulayırıq.
Bu yol açılandan sonra Orta Asiyadan gələn qatarlar rahat şəkildə Azərbaycandan keçib Türkiyəyə üz tutacaq, üstəlik biz Türk dövlətləri bir-birimizə rahat şəkildə gedib-gələ biləcəyik. Biz bunu çox arzulayırıq. Xüsusən geosiyasi vəziyyətin stabil olmadığı hazırkı dünyada Türk dövlətlərinin birləşməsi çox vacibdir.
- “Tənha yurd” adlı roman yazmısınız. Roman sovet dövründə çap olunmuşdu?
- Bəli, bir vaxtlar qolodomor (Sovet İttifaqında 1930-cu illərdə baş vermiş kütləvi aclıq hadisələri belə adlanır-red.) sözünü işlətməyin qadağan edildiyi vaxtlarda mən bu barədə “Tənha yurd” adlı roman yazmışam.
“Tənha yurd” Brejnev illərində yazılsa da, kommunist senzurasının heçliyə yuvarlandığı 1989-cu illərdə ayrı-ayrı hissələri, müstəqillik illərində isə kitab halında çap olundu. Bu kitab təkcə Qazaxıstanda deyil, bütün keçmiş İttifaqda da qolodomor haqqında yazılmış ilk roman idi. “Tənha yurd” çıxana qədər kommunist rejiminin bu ən əsas cinayəti haqqında heç nə çap olunmamışdı. Niyə onlar qolodomor haqqında danışmaq istəmirdilər? Çünki bu Stalinin vaxtında Sovet İttifaqı Kompartiyasının ən böyük cinayəti idi. O vaxt Qazaxıstana Stalinin təyin etdiyi Qoloşokin (Filipp Qoloşokin – siyasi xadim – red.) rəhbərlik edirdi.
Onlar çox dəhşətli cinayətlər həyata keçirmişdilər. Qazaxıstanda bolşeviklərin hakimiyyəti vaxtı 3 qolodomor hadisəsi baş verib. Birincisi 1918-ci ildə, ikincisi 1921-22-ci illərdə, üçüncü isə 1932-33-cü illərdə baş tutub. Mənim və alimlərin hesablamalarına görə, bu üç qolodomor hadisəsində 5 milyondan çox qazax həlak olub. Onların təxminən bir milyonu isə Qazaxıstanın hüdudlarından kənarda dünyasını dəyişib. Mən də həmən qolodomor vaxtı Qərbi Qazaxıstandan Qaraqalpaqıstana, oradan isə Türkmənistana gəlmiş aulun övladıyam. Bizim aul bir də 1961-ci ildə doğma vətənə qayıdıb. Romanda mənim doğma aulumda yaşayan insanların taleyindən bəhs etmişəm.
- Sizin bu mövzuda bir romanınız var, yoxsa başqaları da?
- Yox, bir romanım var. Lakin sonralar bunun ardını da yazmışam. Orda hadisələr 1937-ci illərdə bizim aulun başına gələnlərdən bəhs edir.
- Həmən hadisələr barədə yalnız eşitdiklərinizi yazmısınız?
- Bəli, mənə uşaq vaxtı bu hadisələr haqqında danışıblar. Mən Almatıda məktəbdə oxuyan zaman dərsliklərdə bu barədə bir cümlə də bəhs edilmirdi. Bu barədə sonradan özüm öyrənməyə başladım. Nəticədə 1982-1985-ci illərdə bu roman ərsəyə gəldi.
- Qolodomor qazax xalqının şüurunda hansı yaraları açdı?
- Qolodomor qazax xalqında həm mənəvi, həm də demoqrafik planda təsirlər qoydu. Birincisi qazaxlar 100 milyon nəfər ola bilərdilər. Çünki bizim əlimizdə əhalinin 1897-ci ildə siyahıya alınmasının sənədləri var. Orda Orta Asiya xalqlarının yarısını qazaxlar təşkil edir. Qolodomorun mənəvi nəticələri isə daha dəhşətlidir, çünki biz qazaxlar artıq hər şeydən qorxmağa başlamışdıq. Kremlin zərbəsi nəticəsində biz öz dilimizi unutmağa başladıq. Xüsusən Almatıda yaşayan intelligentlərimiz dilimizi satdılar, demək olar bütün uşaqlar rus məktəblərində oxuyurdu.
Onu da deyim ki, qazax dili uğrunda mübarizə aparan şəxslərdən biri də mənəm.
- Sizdə Sovet dövründə yaradılmış yazıçılar ittifaqı hələ də qalırmı?
- Qalır.
- Necə fəaliyyət göstərir? Bütün qazax yazıçılarını ətrafında birləşdirir?
- Siz də bilirsiniz ki, hətta Stalin dövründə də biz yazıçılar mənzil verilərkən normadan 20 kvadrat metr artıq alardıq. Üstəlik Abdicəmil Nurpeisov kimi yazıçılar kitab çap edəndə elə məbləğdə qonorar alırdılar ki, həmin məbləğə 10 dənə mənzil, yaxud “Volqa” almaq olardı. İndi isə biz son 30 ildə qonorarın nə olduğunu unutmuşuq. Qonorar vermirlər.
- Bunun üçün mübarizə aparmırsınız?
- Mənim yaşımda pula görə mübarizə aparmaq doğru deyil.
- Cavanların xətrinə mübarizə aparmaq lazımdır.
- Yazıçılar Birliyi vasitəsilə biz daim təzyiq göstərməyə çalışırıq. Lakin hələ bir nəticə yoxdur.
- Smaqul bəy, heç Azərbaycanda olmusunuz?
- Yox, olmamışam.
- Bəs Azərbaycan yazıçılarından kimləri tanıyırsınız?
- Bir Azərbaycan yazıçı-ssenaristi ilə birlikdə oxumuşduq. Lakin indi adını unutmuşam.
- Bəs qiyabi də olsa, kimləri tanıyırsınız?
- Rüstəm İbrahimbəyovun adını çəkə bilərəm. Azərbaycan yazıçıları ilə şəxsi münasibətim olmayıb. Mən çox təvazökar adamam. Məni yalnız ötən il Türkiyəyə dəvət etmişdilər. “Tənha yurd” romanıma görə orda Türk Dünyası Mükafatı vermişdilər.
- “Tənha yurd” romanının janrı nədir?
- Realist əsərdir. Türk dilində nəşr edilib.
- Siz bu romanı rus dilində yazmışdınız?
- Yox, qazax dilində. Bundan başqa ABŞ-da da ingilis dilində nəşr olunub, “Amazon”da da var.
- Gəlin kinodramaturq tərəflərinizdən də danışaq. SSRİ-nin tənəzzülündən sonra bizim kinematoqrafda ciddi tənəzzül yarandı, hələ də bu tənəzzül davam edir. Bəs sizdə vəziyyət necədir?
- Bizim kinematoqrafda da ciddi problemlər yaşanır.
- Siz hələ də “Qazaxfilm”də redaktorusunuz?
- Yox, artıq çıxmışam, amma əməkdaşlığım davam edir. Çünki mənim 11 ssenarimin əsasında film çəkilib və Almatıdakı İncəsənət Akademiyasında da kinodramaturgiya fənnindən dərs verirəm. Kinematoqrafla bağlı problemlər var. Bizə daim deyilir ki, dünya kinosuna çıxmaq lazımdır. Dünya kinosunu isə çoxdan Hollivud tutub. Onlar adi filmi 100 milyon dollara çəkdikləri halda biz 1 milyon dollar büdcə ilə tarixi filmlər çəkirik. Belə olan halda hansı rəqabətdən söhbət gedə bilər?
- Bəs dövlət dəstək vermir?
- Məhz dövlət dəstək verir və pul ayırır. Sağ olsunlar, amma bu vəsait də azdır. İl ərzində kino sahəsinə 4 milyard təngə ayrılsa da, bu çox azdır. Sovet dövründəki kinoteatrlar bağlanıb. Aullarda kinoteatrlar mövcud deyil. Amma qabaqlar hər yerdə kinoteatrlar vardı. Belə-belə səbəblər üzündən biz tamaşaçıları itirmişik.
- Bəlkə problem ondadır ki, elə sizin də, bizim də kinematoqrafçılar müasir şərtlərlə, bazar iqtisadiyyatı ilə uyumlu şəkildə çalışmaq istəmirlər?
- Bəli belə problem var. Hazırda bizim kinematoqrafda kommersiya filmləri çəkilir. Pulu olan adamlar var, onlar da bu sahədə qazanc əldə etmək istəyirlər, bunun üçün də yüngül komediya filmləri çəkirlər. Lakin bu kino deyil. Üstəlik bizim televiziyalar da bu cür ucuz komediya seriallarını verirlər.
- Sizcə yüngül komediya filmləri tamaşaçının təzədən kinoteatrlara qayıtmasına kömək etməz? Çünki bizdə də eyni proses yaşanırdı və belə düşünən mütəxəssislər vardı.
- Məncə onlar hələ ki, tamaşaçıları korlamaqla məşğuldurlar.
- Smaqul bəy, adətən belə sual vermək etik sayılmır. Lakin biz hazırda müqəddəs torpaqda - Məkkədəyik. Ona görə soruşmaq istərdim: siz inanclı insansınız?
- Əlbəttə.
- Yəni ibadətlə məşğulsunuz?
- Bəli. Düzdür, yazıçılar arasında ibadət edənlər azdır. Yalnız rəhmətlik Şirxan Mürtəza namaz qılırdı. Klassik yazarlarımız heç kəlmeyi-şəhadətlərini deyə bilmirdilər. Bu da bizim faciəmizdir, onlar ateist kimi dünyadan köçdülər. Hazırda isə yazıçıların yeni dalğası gəlir.
- Onları oxuyursunuz?
- Çox istedadlı uşaqlar var, lakin mən düşünürəm ki, Muxtar Auezovun “Abay yolu”, Abdicəmil Nurpeisovun “Qan və tər” kimi epik əsərlər bundan sonra çətin yazıla. Çünki həmən epoxa artıq heçliyə yuvarlanıb. Gənclər isə o dövrü görməyiblər, onlar yalnız indiki kəndi və şəhəri görüblər. Köçərilərin epik həyat tərzi isə çoxdan ötüb keçib. Nə qədər istedadlı olsalar da, bundan sonra nə Auezovu, nə də Nurpeisovu təkrar etmək olar.
- Dünəndən sizə fikir verirəm, bütün gün dəftərçənizdə qeydlər aparırsınız. Sirr deyilsə, nə yazırsınız?
- Hə... bunlar fəlsəfi qeydlərdir. Mən təxminən yeddi il qabaq “Dəhşətli qiyamət əsri” adlı teoloji düşüncələrdən ibarət kitab yazmışdım. Orda “Allah niyə var?”, “Niyə biz İslam dinindəyik?” kimi suallara cavab axtarmışam. İndi isə həmən mövzunu davam etdirirəm, ağlıma nələrsə gəldikcə yazıram.
- Son sualım: Dediyim kimi, hazırda Minada - İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsməyə gətirdiyi yerdəyik. Bir yazıçı, yaradıcı adam kimi hansı hissləri yaşayırsınız? Nələr düşünürsünüz?
- İbrahim və İsmayıl əhvalatı mənə çox yaxındır. Çünki mənim adım da İsmayıldır. Mən əlbəttə daxilən bu yerləri həmişə görmək istəmişəm, amma xüsusi cəhdim yox idi. Və bu il təklif gəldi, qəbul elədim. Hər bir müsəlmanın həyatı iki hissəyə bölünür: həccə qədər və həccdən sonraya. Onlar ayrı-ayrıdır.
- Bundan sonra sizin həyatınızda hansı dəyişikliklər olacaq?
- Çox böyük dəyişikliklər olacaq. İnsan əlbəttə günahkar varlıqdır. Xüsusən cavanlıqda o qədər günah işlər görürük... Adam cavanlıqda elədiklərinə görə xəcalət hiss keçirir. Heç olmasa qocalıqda Allahın müqəddəs kitabı Quranda dediyi kimi yaşamaq gərəkdir.
- Smaqul bəy, müsahibə üçün təşəkkür edirəm.
- Xahiş edirəm Azərbaycan xalqına bu sözlərimi çatdırın: Biz sizinlə fəxr edirik. Öz tarixi ərazilərini bərpa edən Azərbaycan xalqının qəhrəmanlığı ilə qürur duyuruq. Qoy Azərbaycan xalqı heç zaman qələbə pyedestalından enməsin.