ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun gələcək formatına münasibət bildirib

Tarix: 17.08.2024 11:55

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır.

APA xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosunun erməni xidmətinin ATƏT-in Minsk qrupunun sonrakı taleyi və ABŞ-nin bu formata münasibəti ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib.

“ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq”, - deyə Dövlət Departamentində qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Rəsmi Bakı hesab edir ki, Qarabağ münaqişəsi həllini tapdığından ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb.

Xəbər Lenti