- Cümə axşamı, 3 Oktyabr, 2024
Tarix: 24.09.2024 11:54
Prezident İlham Əliyev ideoloji təhlükəsizliyi təmin etmənin yol xəritəsini təqdim etdi.
Bunu APA-ya açıqlamasında politoloq Xəyal Bəşirov bildirib
Politoloq qeyd edib ki, tarixən bir xalqın, bir toplumun və ya bir cəmiyyətin inkişafı üçün ilk olaraq onun hansısa bir ideya ətrafında birləşməsi və daha sonra isə o ideyanı reallaşdırılmaq uğrunda mübarizə aparması vacib olub: “Azərbaycan xalqı daim doğma torpaqları və dövləti uğrunda gərgin mübarizə aparıb. Bu gün artıq biz xalq olaraq həm müstəqil dövlətimizə, həm də onun bütövlüyünə və suverenliyinə sahibik. Bu arzumuzu reallaşdırmaq və bu məqsədimizə çatmaq yolunda biz bir çox qurbanlarla yanaşı həm də onilliklərimizi və yüzilliklərimizi fəda etdik. Artıq uğrunda birləşdiyimiz bu amal və bu arzu reallaşıb, Azərbaycan ərazi bütövlüyü və bütün ərazilərində suverenliyi tam təmin edilmiş müstəqil bir dövlətdir. Ancaq onu da bilirik ki, hədəfi və məqsədi olmayan insanın digər canlılardan bir fərqi olmadığı kimi, ideologiyası olmayan xalq da çoxluqdan başqa bir şey deyil. Məhz buna görə də Azərbaycan Prezidenti təkrar-təkrar ideoloji təhlükəsizliyimizlə bağlı məsələni gündəmdə saxlamağa çalışır. Ətrafımızda bu mövzuda yarana biləcək boşluqları doldurmaq istəyən möhtəkirlərin və fürsətcillərin və onların ölkə daxilindəki əlaltılarının daim mövcud olduğunu vurğulayır. Bundan öncə bu ilin əvvəlində ölkədaxili mətbuata geniş müsahibəsində bu mövzuya toxunan Prezident VII çağırış parlamentin ilk iclasında təsadüfən bu mövzuya yenidən toxunmadı. Xalqın içindən onun səsi ilə seçilən qanunvericilik hakimiyyəti təmsilçilərinin bu mövzuda fəaliyyətinə zəruri ehtiyacın olduğunu vurğulamaq istədi. Azərbaycan xalqı səsini və təmsilçiliyini etibar etdiyi məclis üzvlərinin bütün məsələlərdə və o cümlədən də ideoloji təhlükəsizlik mövzusunda fikirlərinə etimad göstərməyəcək deyil”.
Xəyal Bəşirov deyib ki, bir çox təhlükəli plan müəlliflərinin maraqlarına zidd olsa belə, qələbəmizi və ərazi bütövlüyümüzü təmin etdikdən sonra bizə qarşı hücumların ardı arası kəsilmir: “Bütün hücumları dəf etməyimizə baxmayaraq bizə qarşı ən təhlükəli həmlələrin ideoloji təhlükəsizlik sahəsində olduğunu da görməmiş deyilik. Bütün cəbhələrdə olduğu kimi, ideoloji təhlükəsizlik cəbhəsində də mövqeləri möhkəmləndirmək və hücumları dəf etməm üçün xalq və dövlət birliyinin vacibliyi əsas cari hədəflərimizdən biridir. Hər gün inkişaf edən və güclənən, bu inkişafını və gücünü döyüş meydanı ilə yanaşı, siyasi və diplomatik müstəvidə bütün dünyaya nümayiş etdirən Azərbaycana güc yolu ilə təsir göstərə bilməyəcəklərini anlayan qüvvələr daha fərqli yollar seçməyə çalışırlar. Yumşaq güc və diplomatiya yolunu! Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları vasitəsilə nüfuz etmək istədikləri cəmiyyətlərdən biri də Azərbaycan cəmiyyətidir. Bu prosesin İkinci Qarabağ müharibəsindən sonra daha da aktivləşdiyini hiss etməmək mümkün deyil. Biz bu təhlükəli prosesi əvvəllər də öz dövlətimizə münasibətdə görmüşdük və hazırda qonşu Gürcüstanın təcrübəsində görməkdəyik. Gürcüstan dövlətinin bu sahədə kiçik bir boşluğu az qala ona çox baha başa gəlsin”.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi bu təxribatların nəticəsiz qalmasını şərtləndirən əsas amil Azərbaycan xalqının güclü iradəsi və milli ruhudur: “Zamanında həmin məkrli qüvvələr Azərbaycan dövlətini və xalqını daim təsir və təzyiq altında saxlamaq üçün keçmiş Qarabağ münaqişəsi başda olmaqla bütün mövzulardan istifadə etməyə cəhd göstərirdilər. Eyni zamanda da, bu təhlükəli proseslərə daha çox siyasi partiyaları, QHT-ləri və media qurumlarını alət etməyə cəhd göstərirdilər.
Bu və ya digər hiyləgər cəhdlərin bu gün də davam etdiyini bildirən dövlət başçısı bunun qarşısını almaqla bağlı dövlət səviyyəsində gördüyümüz işlərə də toxundu. Dövlətimizin xarici siyasət və diplomatiya sahəsində, informasiya cəbhəsində apardığı amansız mübarizə məhz belə hücumların dəfinə yönəlib. Hətta bir neçə ildir ki, quru sərhədlərimizin bağlı saxlanılmasının dövlətimiz və xalqımız üçün böyük narahatlıqlar bahasına başa gəlməsinə baxmayaraq bu xüsusda təhlükələrin qarşısını almaq məqsədilə edildiyini də bilirik. Bütün bu tədbirlərə baxmayaraq bu məsələdə də xalq dövlət birliyinin və bu birliyə xüsusi güc qatacaq intellektual və güclü milli ruha sahib gənc nəslin roluna toxunmaqla əslində Prezident qarşımızda duran bu çətin missiyanı aşmağın yol xəritəsini təqdim etmiş oldu”.