- Şənbə, 21 Dekabr, 2024
Tarix: 12.12.2024 11:44
Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiyaya işgüzar səfəri başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Moskvada səfərdə olan Azərbaycan Baş naziri bu gün Müstəqil Dövlətlər Birliyi hökumət başçıları Şurasının iclasında iştirak edəcək.
Əli Əsədovun işgüzar səfəri Azərbaycanın Rusiyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin barilyefi önünə gül dəstəsi qoyması ilə başlayıb.
Daha sonra Azərbaycan Baş naziri MDB hökumət Başçıları Şurasının keçiriləcəyi Bauman adına Moskva dövlət texniki universitetində olub. Burada MDB-dən olan nümayəndə heyətləri universitetin kampusuna baxış keçirib, Kvantum parkı ziyarət ediblər. MDB ölkələrindən olan tələbələrin mühəndis layihələri hökumət başçılarına təqdim olunub.
Bakı vaxtı ilə saat 12:30-da isə universitetin konqress holunda MDB hökumət başçıları şurasının iclası keçiriləcək.
Qeyd edək ki, MDB Hökumət Başçıları Şurası 1991-ci il dekabrın 21-də Alma-Atada imzalanmış MDB-nin əlaqələndirici institutları haqqında Sazişlə yaradılıb. MDB hökumət başçıları Şurası 1993-cü il yanvarın 22-də qəbul edilmiş MDB Nizamnaməsinə uyğun olaraq, MDB Dövlət Başçıları Şurasından sonra Birliyin ikinci ən mühüm nizamnamə orqanıdır.
MDB Dövlət Başçıları Şurası ilə Hökumət Başçıları Şurası arasında səlahiyyət bölgüsündən danışsaq, MDB Hökumət Başçıları Şurası Birliyə üzv dövlətlərin icra hakimiyyəti orqanları arasında iqtisadi, sosial və maliyyə siyasəti, habelə ümumi maraqlara dair digər sahələrdə əməkdaşlığı əlaqələndirir. Müvafiq qərarlar konsensus əsasında qəbul edilir.
Bir qayda olaraq, MDB hökumət başçıları şurasının iclasları “məhdud”və “geniş” formatlarda keçirilir. Məhdud formatda iclaslarda yalnız nümayəndə heyətlərinin başçıları və MDB-nin baş katibi iştirak edir.
Bu iclasda MDB-də sosial-iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilir, müəyyən və ya digər səbəblərə görə fikir mübadiləsinin məxfi formatı tələb olunur.Eyni zamanda MDB hökumət başçıları Şurasının növbəti iclasının gündəliyi, yeri və tarixi təsdiq edilir.
“Geniş” formatda (nümayəndə heyətlərinin və mətbuat nümayəndələrinin iştirakı ilə) keçirilən iclasda gündəlikdə duran məsələlər onlar üzrə məruzəçilərin iştirakı ilə müzakirə edilir və yekun sənədlər imzalanır.
Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının bundan əvvəlki iclası bu il mayın 24-də Aşqabadda baş tutub.
Qeyd edək ki, Azərbaycan Baş nazirinin Rusiyaya işgüzar səfəri sabah da davam edəcək. Belə ki, sabah Əli Əsədov Rusiya Federasiyasının hökumət evində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.