- Şənbə, 21 Dekabr, 2024
Tarix: 20.12.2024 11:48
İsveçrə parlamentinin aşağı palatasında qəbul olunmuş anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu anti-Azərbaycan və islamofob bir qətnamə qəbul edərək ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərini davam etdirməkdədir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov bildirib.
Deputat deyib ki, Fransa və erməni lobbisinin təsiri altına düşmüş Qərbi narahat edən əsas məsələ Azərbaycanın öz ərazilərinin suverenliyi təmin etməsi, müstəqil siyasət yürütməsi, COP 29 kimi böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir: “Əslində Avropa Parlamentində bir azca ədalət olsaydı ilk növbədə Avropanın mərkəzində yerləşən Fransanın diktator fəaliyyətindən, Makron hakimiyyətinin XXI əsrdə davam etdirdiyi neokolonizm siyasətindən və ada dövlətlərində yaşayan xalqların təməl hüquqlarının kobudcasına tapdalamasından danışardı. Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır. Qərbin ölkəmizə qarşı siyasi təzyiq cəhdləri davam etdirildiyi bir gündə Azərbaycanın Qahirədə keçirilən (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində bu təşkilatın üzvlüyünə qəbul edilməsi çox əlamətdar hadisədir. Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM -ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq. Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək. D8-ə üzvlük Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq”.
Deputat Ceyhun Məmmədov nəzərə çatdırıb, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın D-8-ə qəbul edilməsinin bu quruma daha da güc qatacağını qeyd edib: “Bu gün Azərbaycan ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib. Azərbaycan müsəlman dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə Prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir. Bu gün Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir. Bir müddət bundan əvvəl də Prezident Ərəb liqasına üzv təşkilatlarının zirvə sammitində də müsəlmanlara qarşı ayrı-seçkiliyi və ikili standartları sərt tənqid etmişdi. Həmin çıxış da ərəb ölkələrinin liderləri tərəfindən heyranlıqla dinlənilib və çox yüksək qiymətləndirilib. Onu da qeyd edim ki, Azərbaycan bir müddət bundan əvvəl COP29-a ev sahibliyi etdi. Hələ də bütün müsəlman dünyası Azərbaycanın bu uğurundan bəhs edir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan islam dünyasını dünyada ləyaqətlə təmsil edir”.
Azərbaycanın D-8-ə üzvlüyünü təqdir edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı Bəyannaməsi imzalanmasını təklif edib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev D-8 təşkilatına üzv olmaq münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb və Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də zəruri sayıb.