Səfir Tacikistanın MDB-yə sədrliyi dövründə görüləcək işləri açıqlayıb

Tarix: 23.01.2025 11:26

"Müstəqil Dövlətlər Birliyinə sədrliyimiz dövründə 100-dən çox tədbirin keçirilməsi və MDB-nin fəaliyyətinin mövcud çağırışlara uyğunlaşdırılması istiqamətində addımların atılması nəzərdə tutulur".

APA xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Tacikistanın 2025-ci ildə MDB-yə sədrliyinə həsr olunan mətbuat konfransında söyləyib.

O əlavə edib ki, BMT-də bu qurumla MDB arasında əməkdaşlığa dair qətnamənin qəbulu, eləcə də MDB-yə üzv olan dövlətlər arasında bərpa olunan enerji mənbələrindən, o cümlədən, 2024-2029-cu illər ərzində məişət tullantılarından istifadəyə dair konsepsiyanın inkişafı davam etdiriləcək:

"Eyni zamanda MDB-nin beynəlxalq aləmdəki nüfuzunun artırılması da prioritetlər sırasındadır. Sədrliyimiz dövründə MDB-yə üzv dövlətlər arasında əmtəə mübadiləsinin gücləndirilməsinə də diqqət yetirəcəyik. Quruma sədrlik etdiyimiz dövrdə MDB-yə üzv olan dövlətlər arasında bərpa olunan enerji mənbələrindən, eləcə də 2024-2029-cu illər ərzində məişət tullantılarından istifadəyə dair konsepsiyanın inkişafı davam etdiriləcək. O cümlədən nəqliyyat sahəsində MDB dövlətləri arasındakı transsərhəd yollarının modernləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlərin görülməsinə, humanitar sahədə əlaqələrin genişləndirilməsinə çalışacağıq. Biz MDB-də gənclər, idman və mədəniyyət sahələrində əməkdaşlığın daha səmərəli olması istiqamətində də tədbirlərin görülməsinə çalışacağıq. Onu da bildirim ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələsi də diqqət yetirəcəyimiz məsələlərdən olacaq".

Xəbər Lenti