Cümə axşamı, 14 May, 2026
Tarix: 17 Nov 2023 14:06
Cinayət təqibinin hansı halda qiyabi icraat qaydasında aparılma imkanının nəzərdə tutulacağı açıqlanıb.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əlavə edilməsi təklif edilən yeni fəsil təqsirləndirilən şəxsin barəsində aşağıdakı 2 halda cinayət təqibinin qiyabi icraat qaydasında aparılma imkanını nəzərdə tutur:
1) təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndikdə;
2) Azərbaycan Respublikasının ərazisindən kənarda olan təqsirləndirilən şəxs çağırışa gəlməkdən qəsdən boyun qaçırdıqda.
Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə yanaşı cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə də ittiham olunan təqsirləndirilən şəxs barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.
Cinayət təqibi qiyabi icraat qaydasında həyata keçirilməmişdən əvvəl cinayət təqibi orqanı ilk növbədə təqsirləndirilən şəxsin cinayət prosesində şəxsən iştirakının təmin edilməsi üçün bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində (yeni fəsil) nəzərdə tutulmuş qaydada onun cinayət prosesini həyata keçirən orqana çağırılmasını həyata keçirir. Eyni zamanda cinayət təqibi orqanı barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə təqsirləndirilən şəxsi məlumatlandırır, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməli olduğunu bildirir. Təqsirləndirilən şəxsin bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də CPM və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür. LIV-II fəsildə nəzərdə tutulan maddələrdə qiyabi icraatla bağlı digər məsələlər də ətraflı tənzimlənir.