Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 22 Dec 2023 16:06
Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın zaminə buraxılması barədə qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə İmran Xanın vəkili Salman Safdar jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İmran Xanın nəzarətə götürülməsi ilə bağlı qərarın ləğvi və onun azadlığa buraxılması qərarı növbəti məhkəmə iclaslarında keçiriləcək dinləmələr zamanı qəbul edilə bilər.
Vəkil onu da qeyd edib ki, İmranla Xanla yanaşı, keçmiş XİN rəhbəri Şah Mahmud Qureyşi barəsində də zaminə buraxılmaq barədə qərar qəbul edilib.
Xatırladaq ki, İmran Xan bu ilin may ayında məhkəmə qərarı ilə 8 günlük həbs edilib. Sabiq Baş nazir korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunub. Bir neçə gün sonra İslamabad məhkəməsi onun həbsini qanunsuz sayaraq girov müqabilində azadlığa buraxıb.
Cari ilin iyun ayında İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib və siyasətçiyə qarşı ən azı 37 cinayət işi başlanılıb. Sabiq Baş nazir ölkəyə rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupinin (təxminən 210,6 milyon dollar) leqallaşdırılmasına görə adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinib.
Oktyabrda isə, Pakistanın sabiq hökumət başçısı dövlət sirri sayılan məlumatları açıqlamaqda günahlandırılıb və barəsində rəsmi ittiham irəli sürülüb. Belə ki, söhbət ötən il Pakistanın Vaşinqtondakı səfiri tərəfindən İslamabada göndərilən gizli teleqramdan gedir. Teleqramda bildirilib ki, Vaşinqton İmran Xanın Ukrayna ilə bağlı neytral mövqeyindən narazıdır. İmran Xan bir müddət sonra tutduğu vəzifədən uzaqlaşdırılıb və təhqiqatçıların sözlərinə görə, teleqramın məzmununu bir sıra şəxslərə açıqlayıb.