“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

Tarix: 28 Dec 2023 18:47

Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqənin qalibləri seçilmiş uşaqlar, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabrın 24-də start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 539 rəsm, 83 plakat, 493 əl işi, 101 yanğın və qəza-xilasetmə texnikasının modeli və 128 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 46 nəfər birinci, 53 nəfər ikinci, 99 nəfər üçüncü yerə, 93 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Xəbər Lenti