Cümə, 30 Yanvar, 2026
Tarix: 19 Nov 2023 23:40
Husilər Qırmızı dənizdə ələ keçirdikləri İsrail gəmisini Yəmən sahillərinə çəkiblər.
APA xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının sözçüsü Yəhya Səriya bildirib.
Gəminin ekipajı dindirilib.
"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə hərbi əməliyyat keçirib və nəticədə İsrail gəmisi ələ keçirilib. O, Yəmən sahillərinə gətirilib”, - deyə vurğulanıb.
Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, üsyançılar İsrailin “Galaxy Leader” yük gəmisini 22 ekipaj üzvü ilə Ədən körfəzi sularında ələ keçirib.
Öz növbəsində "Al Mayadeen" telekanalı ekipajın 52 nəfərdən ibarət olduğunu bildirib.
***
Saat 18:07
Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisi İsrailə məxsus deyil, ekipajında heç bir israilli yoxdur.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilər tərəfindən yük gəmisinin ələ keçirilməsi çox ciddi qlobal hadisədir. Bu, Türkiyəni tərk edən və İsraillilər olmadan beynəlxalq mülki heyətlə Hindistana gedən gəmidir. Bu, İsrail gəmisi deyil”, - deyə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.
***
17:35
Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı Ədən körfəzi sularında İsrailin “Galaxy Leader” yük gəmisini qaçırıb.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.