Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 01:25
Rusiya ABŞ və Ukraynanın iştirakı ilə texniki səviyyədə üçtərəfli sülh danışıqlarının keçirilməsini dəstəkləyib.
"Unian" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kiyev bu barədə məlumatı ABŞ tərəfindən alıb.
“Amerika tərəfi görüşün mümkün qədər tez keçirilməsini təklif edir və biz bu təşəbbüsü dəstəkləyirik. Hələlik görüşün dəqiq tarixini bilmirəm. Gündəliyin əsas məqsədi müharibəyə son qoymaq, sülhü yaxınlaşdırmaq və liderlər səviyyəsində görüş üçün bütün hazırlıqları görməkdir”, – Zelenski deyib.
Ukrayna Prezidenti bildirib ki, ölkəsinin nümayəndələri müharibənin başa çatmasını sürətləndirmək üçün ABŞ və Rusiya təmsilçiləri ilə danışıqlar aparacaqlar. Onun fikrincə, üçtərəfli görüş ən geci noyabrın əvvəlində keçirilməlidir.
Zelenski Ukraynanın atəşkəs, müharibənin dayandırılması, enerji infrastrukturu üzrə qarşılıqlı hücumların dayandırılması, humanitar təşəbbüslər və hərbi əsirlərin qaytarılması ilə bağlı təklifləri dəstəkləyəcəyini vurğulayıb.
“Bütün bu danışıqların əsas təşəbbüsü və ən mühüm müsbət siqnal mümkün qədər tez görüşmək və işə başlamaqdır”, – o qeyd edib.
Ukrayna lideri sülh prosesində irəliləyiş əldə olunması üçün ABŞ, Rusiya və Ukrayna prezidentlərinin görüşünün təşkilini vacib sayıb. O, belə bir görüşdə Avropanın da təmsil olunmalı olduğunu bildirib.
Zelenskinin sözlərinə görə, mümkün razılaşmaların gündəliyinə Ukraynanın təhlükəsizlik zəmanətləri, müharibədən sonrakı bərpa planı və Avropa tərəfdaşlarının dəstəyi kimi məsələlər daxil olacaq.
“Bu, bizim üçün vacibdir. Çünki istənilən razılaşma təhlükəsizlik zəmanətlərinə, müharibədən sonra ölkəmizin bərpasına və Avropanın dəstəyinə aid olacaq. Biz bütün bu məsələləri tərəfdaşlarımızla müzakirə etmişik”, – Zelenski əlavə edib.
Ukrayna Volodimir Zelenski Rusiya ABŞ üçtərəfli danışıqlar sülh danışıqları atəşkəs təhlükəsizlik zəmanətləri Avropa hərbi əsirlər
Mənbə: apa.az