Hər gün bahalaşan qızıl: Bazar gərginlikləri və rekord göstəricilər - TƏHLİL

Tarix: 13 Jan 2026 14:23

Keçən il həm siyasi, həm də iqtisadi sahədə bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı və bu, qlobal bazarlara da təsirsiz ötüşmədi. Xüsusilə qızıl bazarı diqqət çəkdi: qiymətlər tarixi maksimumlara yüksəldi və bazar yeni rekordlar qırdı. 2025-ci ilin sonuna yaxın qızılın qiyməti təxminən 4 400–4 500 ABŞ dolları səviyyəsinə çatdı. Bu artımın əsas səbəbləri arasında geosiyasi gərginlik, ABŞ Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcələrinin endirilməsi, mərkəzi bankların fəal alqı-satqısı və ehtiyatların diversifikasiyası xüsusi rol oynadı.

Zərgərlik məhsullarına olan tələbin bir qədər azalmasına və hasilatın düşməsinə baxmayaraq, qızıl bazarı dayanıqlılığını qorudu. Artıq ilin əvvəlində qiymət 4 600 ABŞ dolları səviyyəsini keçərək tarixi maksimumlara yüksəlməyə davam etdi. Qlobal qeyri-müəyyənlik və ticarət mübahisələri təhlükəsiz aktivlərə olan tələbi artırdı, əlverişli monetar siyasət isə qızılı kapitalın qorunması və sərmayə qoyuluşu üçün daha cəlbedici etdi.

Mərkəzi bankların fəal qızıl alqı-satqısı bazarın möhkəmlənməsinə dəstək verdi, investorların portfellərində qızılın payının artması isə digər aktiv siniflərinin yüksək dəyişkənliyi fonunda risklərin diversifikasiyasına olan ehtiyacı göstərdi. Nəticədə, 2025-ci il yeni tarixi maksimumlarla yadda qaldı və qızılın qlobal iqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində etibarlı aktiv kimi rolunu təsdiqlədi.

Tarixi rekordlar və zirvələr

“APA-Econoomics”in Dünya Qızıl Şurasına (World Gold Council, WGC) istinadən verdiyi xəbərə görə, ötən il ərzində dünya bazarlarında qızılın qiyməti 53 dəfə tarixi maksimumunu yeniləyib. Belə ki, 2025-ci ildə qızılın ən yüksək qiymət səviyyəsi 23 dekabrda qeydə alınıb və bir troya unsiyası üçün 4 449 dollar təşkil edib. Öz növbəsində, ötən il qızılın qiyməti isə bir unsiya üçün 4 368 dollar səviyyəsində yekunlaşıb.

Bu qiymət artımı qlobal investorların diqqətini çəkib və onlar aktiv şəkildə tam fiziki qızıl ilə təmin olunmuş ETF-lərə (Exchange-Traded Fund, yəni Birjada Ticarət Olunan Fond) vəsait yatırırdılar. Yəni investorlar qızılı birbaşa almaq əvəzinə fondların paylarını alırdılar və hər bir alınan pay xaricdə saxlanılan fiziki qızıl ilə dəstəklənirdi.

Qeyd olunan sərmayələr nəticəsində fondlara misli görünməmiş vəsait axını olub: ilin ərzində belə fondlara 89 mlrd. ABŞ dolları yatırılıb — bu da tarixin ən böyük göstəricisidir. Bu fəallığın səbəbi yalnız qızıl qiymətinin artması deyildi, həm də qiymətin 1979-cu ildən bəri ən güclü artımını göstərməsi investorlar üçün sərmayəni daha cəlbedici edib.

ETF-lərə 2025-ci ildə ən yüksək vəsait axını (vəsait axını və qızılın qiyməti):

Nəticədə, qlobal qızıl ETF-lərinin idarə etdiyi aktivlərin həcmi (AUM - fondun idarə etdiyi bütün aktivlərin ümumi dəyərinin göstəricisi) ilin ərzində iki dəfə artaraq tarixi rekord səviyyəyə - 559 mlrd. dollara çatıb. Pul yatırımlarından əlavə, fondların saxladığı fiziki qızıl ehtiyatları da artıb. Belə ki, bu göstərici 2024-cü ildə olan 3 224 tondan 4 025 tonadək yüksəlib.

Reallıq və proqnozlar

Qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda investorlar, bazar iştirakçıları və dövlətlər dəyəri qoruyub saxlamağa və riskləri minimallaşdırmağa imkan verən aktivlər axtarmağa davam edirlər. Qızıl, özünü etibarlı qoruyucu aktiv kimi təsdiqləmiş ənənəsi sayəsində kapitalın qorunması üçün əsas alət olaraq qalır. Maliyyə və investisiya bazarlarının qeyri-sabitliyi, həmçinin digər aktiv siniflərinin yüksək dəyişkənliyi onun investorlar üçün cəlbediciliyini daha da artırır.

2026-cı il üzrə qızılın proqnozları ümumilikdə müsbətdir: müxtəlif institutlar və ekspertlər hesab edirlər ki, qiymət təxminən 4 600–5 000 ABŞ dolları səviyyəsində dəyişəcək, bu isə geosiyasi və iqtisadi qeyri-müəyyənlik fonunda metalın qiymətinin artımına dair gözləntiləri əks etdirir.

Azərbaycanın strateji qərarı: 10 milyard dollardan artıq gəlir

Prezident İlham Əliyev ötən həftə yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın qızıl ehtiyatlarının artırılması məsələsindən danışaraq bildirmişdi ki, 2025-ci ildə qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul edilib:

"Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı. Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir, 83-84 milyard ABŞ dolları".

Ölkə başçısı Azərbaycanın bütün bu çağırışlar və beynəlxalq vəziyyəti nəzərə alaraq, qlobal bazarlarda müşahidə olunan tendensiyalara uyğun addımlar atdığını və qızılın strateji əhəmiyyətini artırmaq, portfeldəki payını genişləndirmək istiqamətində fəaliyyət göstərdiyini də vurğulayıb: "2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelində qızılın payını fəal şəkildə artırdı və bununla risklərin idarə olunmasına və ölkənin maliyyə dayanıqlığının gücləndirilməsinə strateji yanaşmasını nümayiş etdirdi".

Məlumat üçün deyək ki, 1 yanvar 2025-ci il tarixinə Dövlət Neft Fondunun qızıl ehtiyatı 146,6 ton təşkil etdiyi halda oktyabr ayının 1-nə bu rəqəm 184,8 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son 9 ayda 38,2 ton artırıb.

Fondun İcraçı direktoru İsrafil Məmmədovun sözlərinə görə, son illərdə qızıl ehtiyatlarının artırılması qlobal miqyasda müşahidə olunan tendensiyadır. Bu yanaşma xüsusilə xarici şokların intensivləşməsi, maliyyə bazarlarında volatilliyin artması, geosiyasi risklər və valyuta bazarlarında qeyri-sabitliklə bağlıdır.

“Bu şəraitdə qızıl emitent asılılığı olmayan, faiz və tərəf-müqabili risklərindən nisbətən azad olan və maliyyə sistemində gərginliklər zamanı dəyərin qorunmasına imkan verən strateji aktiv kimi çıxış edir. Bu çərçivədə, 2025-ci ilin üçüncü rübünün sonuna qızıl aktivlərinin həcmi 185 ton olmaqla 23 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən etibarən Fond üçün 11 milyard ABŞ dolları məbləğində büdcədənkənar gəlir formalaşdırıb. Belə ki, qızılın bazar qiymətindəki dəyişikliklər Fondun ümumi aktivlərinin dəyərində əks olunsa da, bu dəyişikliklər investisiya portfelinin gəlirliliyinin hesablanmasında ayrıca aktiv sinfi üzrə gəlir kimi deyil, bir çox institusional investorların təcrübəsinə uyğun olaraq məzənnə dəyişkənliyindən yaranan fərq kimi ehtiyatların dəyərinin dəyişməsində nəzərə alınır”, - İsrafil Məmmədov qeyd edib.

Nəticə və gözləntilər

Beləliklə, 2025-ci il qızıl bazarı üçün yalnız rekordlarla yadda qalmadı, həm də investorların, institusional fondların və dövlətlərin strateji qərarlarında qızılın əhəmiyyətini bir daha təsdiqlədi. Qlobal qeyri-müəyyənlik, geosiyasi çağırışlar və maliyyə bazarlarında volatillik fonunda qızıl özünü etibarlı və dəyərini qoruyan aktiv kimi göstərdi.

Azərbaycan da bu qlobal tendensiyaya uyğun olaraq strateji addımlar atdı, Neft Fondunun portfelində qızılın payını artırdı və risklərin idarə olunmasında, maliyyə dayanıqlığının gücləndirilməsində yeni imkanlar yaratdı. Bu yanaşma həm milli, həm də beynəlxalq kontekstdə qızılın investisiya aləti kimi rolunu daha da ön plana çıxardı.

Ümumilikdə, qızıl yalnız investorlar üçün riskləri azaltmaq və kapitalı qorumaq vasitəsi olmaqla kifayətlənmir, eyni zamanda strateji portfellərin diversifikasiyasında, maliyyə dayanıqlığının təmin edilməsində və geosiyasi sarsıntılara qarşı qoruyucu qalxan rolunda mühüm yer tutur. Bu baxımdan, metalın etibarlı aktiv statusu və onun perspektivləri 2026-cı ildə də möhkəm qalacaq, qiymətində mülayim artım investorlar üçün əlavə imkanlar yaradacaq və qızılı uzunmüddətli investisiya üçün cəlbedici hala gətirəcək.

Emil İsmayılov qızıl qızılın qiyməti ETF WGC ARDNF İsrafil Məmmədov

Xəbər Lenti