Hrant Dinki qətlə yetirən Ogün Samast yenidən məhkəmə qarşısına çıxarılacaq

Tarix: 21 Nov 2023 15:10

Ermənidilli “Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin qətlinin icraçısı Ogün Samast haqqında hazırlanan yeni ittiham qəbul edilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qərara əsasən, Ogün Samast dekabrın 26-da yenidən hakim qarşısına çıxacaq. Samastın “Silahlı terror təşkilatına üzv olmaq, onun adına cinayət törətmək” (FETÖ- red.) ittihamı ilə 7 il 6 aydan 12 ilə qədər həbs edilməsi tələb edilir. O daha əvvəl şərti azadlığa buraxılsa da, ona qarşı yeni ittiham irəli sürülüb.

Qeyd edək ki, erməni əsilli türkiyəli jurnalist Hrant Dink “Aqos” qəzetinin baş redaktoru olub. O, 19 yanvar 2007-ci ildə İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülüb.

Xəbər Lenti