Gürcüstan Trampın Sülh Şurasına dəvət olunmayıb

Tarix: 21 Jan 2026 15:39

Gürcüstan ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə Sülh Şurasına üzv olmaq üçün dəvət olunmayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski dəvətin alınmamasını ölkənin şurada iştirakına ehtiyacın olmaması ilə əlaqələndirib.

Onun sözlərinə görə, Sülh Şurasına müharibə ilə bağlı olan ciddi proseslərin yaşandığı ölkələr dəvət edilib.

“Gürcüstan dünyadakı vəziyyətə təsir edə bilməyəcək kiçik resursları ilə düzgün mövqe tutub. Gələcəkdə Gürcüstan ətrafında qarşıdurmaların inkişafı gözlənilmir. Proseslərin necə cərəyan edəcəyinə baxacağıq. Əgər bu gün dəvət alınmayıbsa, sabah və yaxud biri gün dəvət alına bilər”, - vitse-spiker əlavə edib.

Gürcü ekspertlər isə öz növbələrində hesab edirlər ki, Tramp Gürcüstanın Sülh Şurasında iştirakını zəruri hesab etmir. Onların fikrincə, Gürcüstan ABŞ lideri üçün böyük dəyər kəsb etmir və o, diqqətini digər bölgələrə yönəldib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Sülh Şurasına qoşulmaqla bağlı dəvət alıb. Hər iki ölkə dəvəti qəbul edib.

Xatırladaq ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik 2024-cü ilin sonundan hökm sürür. Həmin ilin noyabrın 30-da Vaşinqton Tbilisi ilə 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bəyan etsə də, Vaşinqton Tbilisi ilə münasibətlərlə bağlı rəsmi mövqeyini hələ də açıqlamayıb.

Cəmilə Babayeva Gürcüstan ABŞ Qəzza Sülh Şurası

Xəbər Lenti