Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 13:05
Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində 13 yaşlı oğlan liseyə hücum edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, həmin liseyin 7-ci sinif şagirdi Danis adlı yeniyetmə xadiməni bıçaqlayıb.
Məktəbli saxlanılıb. Onun üzərindən bıçaq, maska və taktiki əlcək aşkarlanıb.
Məlum olub ki, liseyə hücum edən şəxs terrorçuluğa heyran olub və əvvəlcədən məktəbə mümkün hücumu planlaşdırıb. Rusiya KİV-i yazır ki, 13 yaşlı yeniyetmənin sosial media hesabları təhsil və ya dini müəssisələrə hücum edən cinayətkarlara istinadlarla dolu olub.
Danisin hesablarından birinin adı 2022-ci ildə ABŞ-da baş verən kütləvi atışmadan götürülüb. Danisin sosial media hesablarında Rusiyadakı məktəblərə edilən digər hücumlara və millətçi simvollara da istinadlar olub.
Yeddinci sinif şagirdini tanıyan qohumlarının “Baza”ya dediyinə görə, Danis altıncı sinifdən başlayaraq silahlara və terrorizmə maraq göstərməyə başlayıb. Daha sonra o, özünün də məktəbə hücum edə biləcəyinə işarə edib. Lakin heç kim onun sözlərinə əhəmiyyət verməyib.
Fərid Əkbərov Rusiya Tatarıstan bıçaqlanma məktəbli lisey