Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 14:45
Son 10 ildə Azərbaycanda startap və innovasiya sahəsinin inkişafı iddialar və bəyanatlar mərhələsindən çıxaraq daha sistemli bir mərhələyə qədəm qoyub. Bu dövrdə dövlət tərəfindən müxtəlif institutlar yaradılıb, vergi mexanizmləri formalaşdırılıb və maliyyə alətləri tətbiq olunub. İnnovasiya layihələrinin maliyyələşdirilməsi üçün fondlar fəaliyyətə başlayıb, texnoparklar və inkubasiya mərkəzləri genişlənib, startap anlayışı qanunvericiliyə daxil edilib, vergi güzəştləri tətbiq olunub və ilk vençur fondları yaradılıb. Kağız üzərində baxıldıqda, startap ekosisteminin bütün əsas elementləri komponentləri formalaşdırılıb.
Bunlara baxmayaraq nəticə indikatorları hələ də zəif təsir bağışlayır. Azərbaycan startaplarının beynəlxalq bazarlara davamlı şəkildə çıxışı, böyük investisiya raundları cəlb etməsi, qlobal miqyasda böyüyən şirkətlərin yaranması və uğurlu “exit”lərin , yəni startapların investorlar tərəfindən satın alınmasının sistemli xarakter alması müşahidə olunmur. Ekosistemin ən paradoksal tərəfi odur ki, infrastruktur genişləndikcə, atılan addımların sayı artdıqca, real miqyaslı kommersiya uğurları eyni sürətlə çoxalmır.
İlkin addımlar
Dövlətin bu sahədə ilk iri addımlarından biri 2012-ci ildə İKT layihələrinə maliyyə dəstəyi verən xüsusi fondun yaradılması olub. Bu, bazarın erkən dövründə startapçılar üçün əsas pul mənbəyi kimi təqdim edilirdi və qrant mexanizmləri ilə işləyirdi. O illərdə startap yanaşması daha çox ideyanı formalaşdırmaq və onu ilkin prototip səviyyəsinə çatdırmaq üzərində qurulmuşdu. Sonrakı mərhələdə institutlar konsolidasiya olundu, 2018-ci ildə innovasiya istiqamətində ayrıca agentlik yaradılması xətti gücləndirildi, 2021-ci ildə isə innovasiya və rəqəmsal inkişaf üzrə ayrıca publik hüquqi şəxs olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) formalaşdırıldı.
Bu institusional xəttin ən əsas nəticəsi vergi mexanizmində göründü. 2019-cu ildən etibarən startap şəhadətnaməsi alan mikro və kiçik sahibkarlıq subyektlərinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə gəlir və mənfəət vergisi güzəştinin tətbiq olunmasına başlanıldı. Sonradan startapın müəyyən olunması meyarları ayrıca normativ sənədlə rəsmiləşdirildi. Bu sənəddə hansı şirkətlərin startap sayıldığı aydın meyarlarla müəyyən olundu. Məqsəd “startap” anlayışının qeyri-müəyyən qalmasının qarşısını almaq və bu statusdan yalnız həqiqətən innovativ, erkən mərhələdə olan şirkətlərin istifadə etməsini təmin etmək idi.
Güzəştlər nəticəsiz qalır
Eyni zamanda, startaplarla bağlı bütün mexanizm mikro və kiçik sahibkarlıq siyasətinə inteqrasiya edildi. Yəni, startaplar ayrıca bir kateqoriya kimi deyil, mikro və kiçik sahibkarlıq subyekti kimi qiymətləndirilməyə başladı və onlara dəstək KOB mexanizmləri üzərindən həyata keçirildi. Nəzəri baxımdan bu yanaşma startapların ilk illərdə maliyyə yükünü azaldır və onların mövcud resurslarını vergi ödənişlərinə deyil, məhsulun inkişafına və satışa yönəltməsinə imkan verir. Amma güzəştin real effektini zəiflədən iki struktur amil var. Birincisi odur ki, startapların böyük hissəsi hələ gəlir əldə etmədən bağlanır və ya uzun müddət minimal dövriyyə ilə fəaliyyət göstərir. İkincisi, vergi güzəşti özü-özlüyündə nə satış kanalı yaradır, nə investor gətirir, nə də komandanın qlobal bazarda rəqabət qabiliyyətini artırır.
Maliyyə əlçatanlığı zəifdir
Startaplar üçün əsas sual maliyyə əlçatanlığıdır və bu, hələ də ekosistemin problemi olaraq qalır. 2022-ci ildə ölkənin ilk vençur kapital fondu olan "Caucasus Ventures" yaradılıb. Fondun 11,3 milyon manatlıq nizamnamə kapitalının 5 milyon manatı İRİA, 5 milyon manatı "Pasha Holding", 1,3 milyon manatı isə fərdi investorlar tərəfindən ayrılıb. 2024-cü ildən etibarən daha iri həcmli təşəbbüslər göstərildi. 25 milyon ABŞ dolları həcmində vençur fondu olan "SABAH.fund" yaradıldı. Daha sonra INMerge sammiti çərçivəsində 4 milyon dollarlıq vençur fondu təsis edildi. 2025-ci ildə vençur maliyyələşməsi ilə bağlı ayrıca qanun layihəsinin hazırlanıb hökumətə təqdim olunub. Fondlar vasitəsilə ümumilikdə 15 milyon ABŞ dollarından çox kapital formalaşdırılıb və bu fondlar artıq 2,2 milyon ABŞ dollarından çox sərmayəni regionda fəaliyyət göstərən startaplara yönəldiblər. Bütün bunlar maliyyə alətlərinin sayının artdığını göstərir. Amma ekosistem hələ də növbəti mərhələyə keçidi sistemli təmin edə bilmir. Erkən mərhələdə akselerasiya proqramları mövcud olsa da, məhsulu böyüdən, regiondan kənara çıxaran və şirkəti böyük raundlara hazırlayan kapital zənciri kəsintili olaraq qalır.
Startapların maliyyə əlçatanlığında bank sektorunun da rolu çox aşağıdır. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları startapları klassik biznes subyekti kimi qiymətləndirir və onlara kredit ayırarkən girov, sabit pul axını və maliyyə tarixçəsi tələb edir. Halbuki startapların mahiyyəti məhz yüksək risk, qeyri-müəyyən gəlir və ilkin mərhələdə mənfəətsizlik üzərində qurulub. Nəticədə innovativ ideyaya və potensiala malik startaplar bank kreditlərinə çıxış əldə edə bilmir, bank maliyyəsi isə əsasən ticarət, xidmət və daşınmaz əmlak kimi ənənəvi sahələrlə məhdudlaşır.
Qlobal çıxışlar azdır
Beynəlxalq bazara çıxış məsələsi də eyni zəncirin davamıdır. Bir neçə nümunə göstərir ki, Azərbaycan mənşəli komanda və məhsullar regional və qlobal çıxış qazana bilir. Məsələn, “Nexsale” startapının xarici şirkət tərəfindən alınması yerli bazarda nadir “exit” faktlarındandır. “Keepface” platformasının xaricdən investisiya cəlb etməsi və beynəlxalq müştərilərlə işləməsi da bu qəbildəndir. “Whelp” kimi SaaS məhsulların beynəlxalq akselerasiya proqramlarında seçilməsi də ekosistemin potensialını göstərən epizodlardır. Problem ondadır ki, bu nümunələr çox vaxt istisna hal kimi qalır və sistemli dalğa yaratmır.
Startap ekosistemindəki bu qeyri-kafi mənzərənin əsas səbəbləri struktur xarakterlidir. Azərbaycan bazarı kiçikdir. Burada startapların böyük hissəsi ilk günlərdən qlobal bazarlara çıxış hədəfi ilə yaradılmaq məcburiyyətində qalır, amma komanda və resurs buna hazır olmur. Korporativ müştəri bazası da məhduddur və xüsusən dövlət sektorunda satınalma prosedurları startapların çevik satış modelinə uyğun gəlmir. İnnovativ məhsullar adətən əvvəlcə pilot və sınaq mərhələsində tətbiq olunmalı olduğu halda, Azərbaycanda bu cür layihələr çevik mexanizmlər olmadığı üçün uzun və ağır müqavilə prosedurlarında ilişib qalır. Nəticədə startap ya satışa çıxmır, ya da satış dövrü uzandığı üçün komandanın motivasiyası və maliyyə dayanıqlığı sarsılır.
İnsan resursu problemi
Digər böyük problem bacarıq və komanda tərəfidir. Texniki kadr var, amma məhsul idarəetməsi, beynəlxalq satış, “go-to-market” (məhsulun auditoriyaya çıxış planı) və investorla işləmək kimi biznes tərəflərinə aid bacarıqlar çatışmır. Məhz buna görə bir çox ideya prototip mərhələsində “mimimum dəyərli məhsul” (MVP) kimi qalır. Dövlət strukturları bu boşluğu proqramlarla doldurmağa çalışır. Lakin çoxlu sayda MVP-nin mövcudluğu avtomatik olaraq uğurlu şirkətlərin yaranması demək deyil. Satış və bazar uyğunluğu olmadığı halda bu göstəricilər sadəcə statistik rəqəm olaraq qalır.
Uğursuzluqların başqa bir səbəbi maliyyənin keyfiyyəti ilə bağlıdır. Yerli mühitdə investor gözləntisi çox vaxt qısa müddətdə gəlir və ya zəmanətli geri dönüş üzərində qurulur, halbuki vençur kapitalın mahiyyəti riskin qəbuludur. Bu mədəniyyət formalaşmadıqca, dövlətin ayırdığı vəsaitlər də bəzən “grant economy” effekti yaradır. Yəni startapçı bazar satışı qurmaq əvəzinə növbəti qrant və proqram ardınca düşür. 2022–2024 dövründə yerli startapların beynəlxalq investor və təşkilatlardan cəlb etdiyi vəsaitin 2,4 milyon avrodan bir qədər çox olması da bunu dolayısı ilə göstərir. Yəni rəqəm var, amma miqyasda hələ ki, sıçrayış yoxdur.
Yekun nəticə
Dövlətin startap sahəsində atdığı addımların real nəticə verməsi üçün artıq yeni mərhələyə keçid zəruridir. Bu mərhələdə əsas diqqət tədbirlərin və forumların sayına yox, startapların məhsullarını bazara çıxara bilməsinə yönəlməlidir. Risk kapitalının işlək qaydada tənzimləndiyi və investorların hüquqlarının qorunduğu şəffaf vençur mühiti formalaşdırılmalıdır. Startapların inkubasiya mərhələsində ilişib qalması yox, iri şirkətlər və dövlət qurumları ilə pilot layihələrin tez və çevik şəkildə reallaşmasına imkan verən satınalma mexanizmləri yaradılmalıdır. Eyni zamanda, təlim və seminarların yerini məhsul idarəetməsi, beynəlxalq satış və bazara çıxış üzrə real təcrübəyə malik kadr axını tutmalıdır.
Başqa sözlə, startap ekosistemi artıq infrastruktur quruculuğundan kommersiya nəticələrinə yönəlməlidir. Azərbaycan startap mühiti ilkin formalaşma mərhələsini arxada qoysa da, hələ genişmiqyaslı və davamlı uğurlar mərhələsinə çatmayıb. Bu sahədə real irəliləyiş, dövlət tərəfindən ayrılan vəsaitlərin və yaradılan institutların startapları qlobal bazara çıxaran satış və investisiya mexanizmlərinə çevrilib-çevrilməməsi ilə ölçüləcək.
Əşrəf Mehdiyev startap ekosistem problem infrastruktur innovasiya