Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 00:35
Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpasını və ticari-iqtisadi əlaqələrin inkişafını alqışlayır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Gürcüstanın tranzit funksiyasını itirəcəyi barədə səsləndirilən fikirlər spekulyasiyadır.
"Gürcüstanın tranzit rolunun gücləndirilməsi üçün böyük həcmdə investisiyalar yatırılır. Alternativ dəhliz Gürcüstan üçün təhlükə kəsb etmir. Bunu təsdiqləyən bir göstəricini qeyd edim ki, son 5 ildə Orta Dəhliz üzrə yük daşımaları 7 dəfə artıb. Bizim yeganə vəzifəmiz artan yük həcmlərini qəbul etmək üçün infrastrukturumuzdan maksimum şəkildə istifadə etməkdən ibarətdir. Belə artım şəraitində alternativ dəhliz tranzit funksiyamızı yalnız tamamlayacaq. Biz gələcəkdə tranzit rolumuzun inkişafına mümkün qədər çox vəsait yönəldəcəyik”, - Kobaxidze əlavə edib.
Cəmilə Babayeva