Şənbə, 24 Yanvar, 2026
Tarix: 24 Jan 2026 21:38
Macarıstan Avropa İttifaqının Ukraynanın Rusiya ilə müharibəyə hazırlığını maliyyələşdirməyə yönəlmiş təşəbbüslərində iştirak etməyəcək. APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban hakim partiya fəallarının Kaposvar şəhərində keçirilən toplantısında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı müharibəyə başlamaq qərarı verib, lakin bunun üçün kifayət qədər maliyyə vəsaiti yoxdur. Orban bildirib ki, Aİ rəhbərliyi Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatların quruma üzv ölkələrin vəsaiti hesabına davam etdirilməsini nəzərdə tutur. Baş nazir vurğulayıb ki, o, yaxın on il ərzində Rusiya–Ukrayna müharibəsinin və Ukrayna dövlətinin maliyyələşdirilməsinə qarşıdır.
Orban xatırladıb ki, son dörd il ərzində Avropa İttifaqı Ukraynaya dəstək məqsədilə 195 milyard avro xərcləyib, indi isə Aİ 2026–2027-ci illərdə Ukraynaya 90 milyard avro məbləğində faizsiz “hərbi kredit” ayırmağı planlaşdırır.