AKP sözçüsü: Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir

Tarix: 26 Jan 2026 18:20

Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Ömər Çelik İrana yönəlik xarici müdaxilələrin ciddi narahatlıq doğurduğunu və Türkiyənin bunun qəti əleyhinə olduğunu qeyd edib.

O vurğulayıb ki, tarix boyu bu cür müdaxilələr uğursuzluqla nəticələnib:

“İrandakı vəziyyəti böyük narahatlıqla izləyirik. İrana hər hansı xarici müdaxilənin qəti əleyhinəyik. Bu, son dərəcə yanlış olar. Həm birbaşa xarici müdaxilə, həm də xarici müdaxilə yolu ilə çevriliş cəhdi İran üçün çox ciddi və problemli nəticələr doğurar. Burada İran xalqının iradəsinə hörmət göstərilməlidir. Bu, indiyədək dəfələrlə sınaqdan keçirilib. Hər bir xarici müdaxilə son dərəcə ağır nəticələrə səbəb olur. Ölkə rəhbərlərinin hədəfə alınması, Venesuela nümunəsində olduğu kimi və ya hazırda İranla bağlı xəbərlərdə tez-tez gündəmə gəldiyi kimi, silah yolu ilə rejimləri dəyişməyə cəhd etmək dünyanın heç bir yerində çıxış yolu olmayıb. Əksinə, bu cür addımlar daha böyük problemləri və böhranları özü ilə gətirib”, – Ömər Çelik qeyd edib.

Dəryanur Cəfərova AKP İran Türkiyə

Xəbər Lenti