Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 15:44
Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu dəyişikliklər vergi orqanında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən (elektron ticarəti həyata keçirən) qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmini təkmilləşdirir və həmin əməliyyatlar üzrə vergi tutma məsələlərini əhatə edir. Belə ki, yuxarıda qeyd olunan qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən alıcılara təqdim etdikləri elektron xidmətlər üzrə dövriyyənin həcmi müəyyən edilmiş həddi (10 000 ABŞ dollarının manat ekvivalenti) aşdığı hallarda onların vergi uçotuna alınması məcburi, həmin həddə çatmadıqda isə könüllü olacaq. Belə bir həddin müəyyən edilməsi bir tərəfdən az dövriyyəli qeyri-rezidentlərin inzibati yükə məruz qalmamasına şərait yaradırsa, digər tərəfdən iqtisadi cəhətdən əhəmiyyətli həcmdə xidmət göstərən qeyri-rezident təchizatçıların məcburi vergi uçotuna cəlb olunmasını təmin edir.
Elektron ticarət qaydasında təqdim edilən iş və xidmətlərin sayı və həcmi böyük olduğundan qanunvericiliklə belə xidmətlərin əhatə dairəsinə aid edilməyən istisnalar müəyyənləşdirilir. Bu istisnalara məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri aiddir. Həmin xidmətlərin mahiyyət etibarilə fərdiləşdirilmiş xarakter daşıması, real vaxt rejimində birbaşa qarşılıqlı ünsiyyət əsasında icra edilməsi və ənənəvi xidmət münasibətlərinə daha yaxın olması nəzərə alınmaqla, elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir. Dəyişiklik ƏDV-nin hər hesabat dövrü üçün, lakin hesabat dövründən sonrakı ayın son günündən gec olmayaraq ödənilməsini nəzərdə tutur.
Məcburi qeydiyyatla bağlı qanunvericiliyin bu tələbinin 6 (altı) aydan sonra tətbiq olunacaq və vergi uçotu qanun qəbul edildikdən sonra təsdiq ediləcək qaydalara uyun olaraq sadələşdirilmiş prosedur (onlayn qeydiyyat, minimal hesabat tələbləri) əsasında həyata keçiriləcəkdir. Bu isə qeyri-rezidentlərə sistemlərini, vergi infrastrukturunu və hesabat mexanizmlərini qanunun tələblərinə uyğunlaşdırmaq imkanı yaradacaqdır.
Bütövlükdə dəyişiklik dövriyyəsinin həcmi müəyyən edilmiş həddi keçən elektron ticarət sahəsində fəaliyyət göstərən qeyri-rezidentlərin vergi uçotuna alınmasına, bu sahədən ƏDV üzrə daxilolmaların artmasına və vergitutma bazasının şəffaflığının təmin olunmasına şərait yaradacaqdır.
Firuzə Vahid