ADY dəmir yolunun mühafizə zolağına zərər vurmamağa çağırır - FOTO

Tarix: 23 Nov 2023 12:20

Dünən axşam saatlarında dövlət nömrə nişanı 10-XB-160 olan “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edərək Pirşağı dəmir yolu stansiyasının 31-ci kilometrliyində uzunluğu təxminən 15 metr olan 4 ədəd çəpəri yerindən çıxarıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, hadisə nəticəsində qatarların hərəkətinin təhlükəsizliyinə ciddi maneə yaranıb, bundan başqa ADY-yə məxsus infrastruktura ziyan dəyib.

Qeyd olunur ki, Abşeron dairəvi marşrutu üzrə hərəkətin intensiv olduğu ərazilərdə dəmir yollarının ətrafı mühafizə zolağı ilə qorunur. Bu çəpərlər insanların və avtomobillərin dəmir yolu xətlərinə daxil olmaması və qatarın hərəkətinə ciddi risk yaradılmaması üçün çəkilir.

“Lakin bəzən mühafizə zolağına ciddi şəkildə kənar müdaxilələr edilir. Eləcə də piyadalar bəzi hallarda yollarını qısaltmaq üçün mühafizə zolağının çəpərlərini yerindən çıxararaq və ya kəsərək relslərin üzərindən hərəkət edib həyatlarını təhlükəyə atırlar”, - məlumatda bildirilir.

Xəbər Lenti