Cümə, 23 Yanvar, 2026
Tarix: 24 Nov 2023 11:18
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 425 milyon 81 min manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30% və ya 97 milyon 969 min manat çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında həyat sığorta şirkətləri 327 milyon 112 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 92.5%-ə enib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 93% təşkil etmişdi.
Cari ilin ilk 10 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 26.6% artaraq 249 milyon 929 min manata çatıb. Ötən ilin ilk 10 ayında bu sığorta növü üzrə ödənişlər 197 milyon 402 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.