IGB kəmərinin ötürücülük gücünün artırılması vaxtı məlum olub

Tarix: 24 Nov 2023 12:10

Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin (IGB) illik ötürücülük gücü 2025-ci ildə indiki 3 mlrd. kubmetrdən 5 mlrd. kubmetrə qədər artırıla bilər.

Bu barədə “APA-Economics” Bolqarıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə bu ilin yayından başlanılıb. Prosesin yekunlaşdırılması istiqamətində növbəti addımlar ICGB tərəfindən qonşu ötürücü sistem operatorları ilə razılaşdırılaraq həyata keçirilir.

Qaz kəmərinin operatoru olan “ICGB”nin icraçı direktorları George Satlas və Teodora Georgievanın Şaquli Qaz Dəhlizinin (Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan) ötürücü sistem operatorlarının görüşü zamanı dediyi sözlərə görə, IGB-nin genişləndirilməsi prosesinin icbarı olmayan mərhələsinin başa çatması ilə boru kəmərinin gücünün genişləndirilməsinə bazarda əhəmiyyətli marağının əlamətləri müşahidə edilib. İcbari mərhələ 2024-cü ilin iyul ayına planlaşdırılır. Bundan sonra enerji treyderləri və qaz təchizatçıları ehtiyat imkanlarına dair ciddi, icbari öhdəliklərini elan edə biləcəklər.

Qeyd olunub ki, artıq tələbin qiymətləndirilməsi hesabatları hazırlanıb. Qaz kəmərinin Yunanıstan və Bolqarıstanın qonşu ötürücü sistemləri ilə birləşdirilməsi nöqtələrində ötürücülük qabiliyyətinin artırılması üçün birgə texniki tədqiqatların başlanması gözlənilir.

Kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2021-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Xəbər Lenti