Xocalı soyqırımı mövzusunda dəyirmi masa keçirilib - FOTO

Tarix: 20 Feb 2026 18:32

Bu gün “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş “Xocalı soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov 01.01.2026-cı il tarixə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşmüş şəxs kimi Dövlət Komissiyanda qeydiyyata alındığını, onlardan 168 nəfərinin mülki şəxs, 42 nəfərinin isə şəhərin özünümüdafiə dəstəsinin üzvü olduğunu qeyd edib.

Bildirilib ki, mülki şəxslərin arasında 38 nəfər uşaq (23 oğlan, 15 qız), 57 nəfər qadın (15 yaşlı qadın), 30 nəfər qoca da var.

Eldar Səmədov qeyd edib ki, 2021-ci ilin fevral ayından etibarən həyata keçirilən axtarış-qazıntı və ekshumasiya prosesində 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Həmçinin proses nəticəsində işğaldan azad edilmiş ərazildərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış kütləvi məzarlıqlardan 252 nəfərə aid ehtimal edilən meyit qalıqları ekshumasiya edilib.

Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. O vurğulayıb ki, şəxsiyyəti eyniləşdirilmiş 220 nəfərdən 24 nəfəri Xocalı soyqırımı zamanı itkin düşmüş vətəndaşlardır.

Tədbir iştirakçıları, o cümlədən itkin ailələrinin üzvləri Ermənistanı itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatları Azərbaycana təqdim etməyə çağırıblar.

Xocalı soyqırımı Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Xəbər Lenti