Moody’s: Dövlət dəstəyi və qeyri-neft sektoru üzrə artım Azərbaycan banklarının mövqeyini gücləndirir

Tarix: 25 Feb 2026 14:53

"Dövlət dəstəyi və qeyri-neft sektorunun artımı Azərbaycan banklarının mövqeyini gücləndirir. Azərbaycan bank sektorunun perspektivi müsbət olaraq qalır".

“APA-Economics” xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sisteminə dair hesabatında bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, ölkədə iqtisadi şəraitin sabit qalması və dövlətin bank sektoruna dəstəyinin davam etməsi növbəti 12–18 ay ərzində bankların maliyyə göstəricilərini dəstəkləyəcək. Bu dövrdə bankların aktivlərinin keyfiyyətinin və gəlirliliyinin qorunacağı gözlənilir.

"Moody’s" qeyd edir ki, əhalinin gəlirlərinin artması və bankların əsas fəaliyyət sahəsi olan qeyri-neft sektorunun genişlənməsi kreditlərin artmasına və bankların maliyyə dayanıqlığının güclənməsinə şərait yaradacaq. Bankların mövcud kapital ehtiyatlarının kifayət qədər yüksək olması onların mümkün riskləri qarşılamaq imkanlarını da artırır.

Hesabatda vurğulanır ki, Azərbaycan hökumətinin, xüsusilə iri banklara dəstək göstərmək imkanları güclü olaraq qalır. Agentlik bildirir ki, ölkənin suveren kredit reytinqi üzrə müsbət proqnoz bank sektoruna etimadı artıran amillərdən biridir.

Agentliyin məlumatına görə, 2025-ci ilin dekabrına Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bankın ümumi ehtiyatları ÜDM-in 108%-ni ötüb. Bu, hökumətə iqtisadiyyatı və bank sektorunu dəstəkləmək üçün geniş maliyyə imkanları yaradır. Bank sektorunun ümumi aktivləri isə ÜDM-in təxminən 44%-nə bərabərdir.

Rahim Tarıverdiyev Moody's Azərbaycan iqtisadi artım bank sektoru bank

Xəbər Lenti