Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 13:15
Arzulayardıq ki, iş adamlarımız artıq ölkəmizdə şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar. APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə təşkil etdiyi görüşdə deyib. Deputat bildirib ki, fiziki sağlamlıqla bağlı xəstəliklərin artmasının əsas səbəblərindən biri artıq çəkidir: “Arzulayardıq ki, iş adamlarımız artıq ölkəmizdə şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar. Nə qədər çox idman infrastrukturu qurulsa, bu, cəmiyyətdə sağlam həyat tərzini də stimullaşdırar”.
Vüqar İsgəndərov qeyd edib ki, regionlarda olimpiya proqramları həyata keçirilməlidir: “Gələcəkdə bölgələrdə istedadların erkən aşkarlanması üçün sistemli mexanizm formalaşdırılmalıdır. Xüsusilə komanda idman növlərində və ağır çəkilərdə daha geniş seçim bazasına ehtiyac var. Halbuki ölkəmizin, hətta ən uzaq kəndlərin belə böyük potensialı mövcuddur. Bunun üçün dövlət, federasiyalar, məktəblər və ailələr arasında əməkdaşlıq qurulmalıdır. Gənclər və idman idarələri regionlarda fəaliyyət göstərir, lakin biz təkcə rayon mərkəzləri ilə kifayətlənməməli, mütləq kəndlərə qədər getməliyik. Təcrübə göstərir ki, rayonlar müəyyən qədər əhatə olunur, amma kəndlərdə bu sahədə iş zəifdir və buna xüsusi diqqət ayrılmalıdır. Məktəblərdə erkən fiziki test sisteminin qurulması da vacibdir. Bu, həm uşaqların sağlamlıq göstəricilərinin izlənməsi, həm də istedadlı uşaqların vaxtında müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Perspektivli uşaqlar üçün xüsusi təqaüd fondunun yaradılması onların stimullaşdırılması və idmana davamlı cəlb olunması üçün mühüm addım olar”.
Deputat idman sahəsində vahid rəqəmsal platforma yaradılmasını da təklif edib: “Bu platforma bütün federasiyaların vahid onlayn sistemini birləşdirə bilər. Belə bir sistem vasitəsilə federasiyaların vahid məlumat bazası formalaşdırılar, yarış təqvimləri onlayn yerləşdirilər, lisenziyaların verilməsi və qeydiyyat prosesi sadələşdirilər, məşqçi və idmançı məlumatları sistemləşdirilər, statistik hesabatlar daha çevik şəkildə aparılar”.
Günay Elşən Vüqar İskəndərov Milli Məclisin deputatı şadlıq sarayı idman sarayı