Samir Şərifov: Vergi siyasəti büdcə gəlirlərini artırmaqla yanaşı, iqtisadi fəallığı dəstəkləməlidir

Tarix: 05 Mar 2026 10:30

Vergi siyasəti yalnız fiskal gəlirlərin artırılması aləti kimi deyil, iqtisadi davranışları formalaşdıran və investisiya qərarlarına təsir edən mühüm mexanizm kimi nəzərdən keçirilməlidir.

“APA-Economics” xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı Baş nazirin müavini Samir Şərifov deyib.

O bildirib ki, hazırda dünyada baş verən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxölçülü xarakter daşıyır. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır.

Baş nazirin müavini qeyd edib ki, belə şəraitdə əsas məsələ qısamüddətli reaksiyalar vermək deyil, dayanıqlı və adaptiv iqtisadi idarəetmə modelini qorumaqdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi siyasəti qlobal proseslərdən təcrid olunmuş şəkildə deyil, onların real təsirləri nəzərə alınmaqla formalaşdırılır.

S.Şərifov vurğulayıb ki, dünya iqtisadiyyatında müşahidə olunan proseslər göstərir ki, makroiqtisadi sabitlik öz-özünə formalaşmır və bu, ardıcıl iqtisadi siyasət, ehtiyatlı fiskal yanaşma və institusional qərarların nəticəsidir. Onun sözlərinə görə, bir çox ölkələr artan büdcə kəsirləri, borclanma təzyiqləri və inflyasiya riskləri ilə üzləşdiyi halda, Azərbaycan fiskal siyasətdə balansı qorumağa nail olan nadir ölkələr sırasındadır.

Baş nazirin müavini əlavə edib ki, neft-qaz sektorunda baş verən dəyişikliklər və enerji bazarlarında qiymətlərin yüksək dəyişkənliyi yeni iqtisadi reallıq formalaşdırır. Bu şəraitdə iqtisadi idarəetmədə daha çevik yanaşma və qeyri-neft gəlirlərinin artırılması xüsusi əhəmiyyət kəsb edir.

S.Şərifovun sözlərinə görə, bu mərhələdə vergi siyasətinin rolu daha da artır və vergilər yalnız büdcə gəlirlərinin artırılması vasitəsi kimi deyil, həm də iqtisadi fəallığı təşviq edən, investisiya mühitinə təsir göstərən və sosial balansı qoruyan mühüm alət kimi qiymətləndirilməlidir.

Rahim Tarıverdiyev vergi büdcə

Xəbər Lenti