Müvəqqəti atəşkəs, davam edən risklər: Yaxın Şərqdə yeni reallıq - TƏHLİL

Tarix: 09 Apr 2026 11:50

ABŞ-İsrail və İran arasında son həftələrdə baş verən hərbi qarşıdurma regionda təhlükəsizlik mühitini kəskin şəkildə dəyişdirib və Yaxın Şərqdə gərginliyin yeni mərhələsini formalaşdırıb. Qarşılıqlı zərbələr, genişmiqyaslı bombardmanlar və müxtəlif aktorların prosesə cəlb olunması münaqişənin coğrafiyasını genişləndirib. Nəticədə əldə olunan atəşkəs nisbi sakitlik yaratsa da, regionda yaranmış mürəkkəb vəziyyətin mahiyyəti və gələcək inkişaf istiqamətləri ilə bağlı suallar açıq qalır. Mövcud şəraitdə hadisələrin həm hərbi, həm də siyasi aspektdən qiymətləndirilməsi, eləcə də əsas tərəflərin mövqelərinin müqayisəli təhlili xüsusi əhəmiyyət kəsb edir.

Hərbi zərbələrdən atəşkəsə doğru: qarşıdurmanın strateji mənzərəsi

ABŞ-ın Qlobal Siyasət İnstitutunun prezidenti və Bay Atlantik Universitetində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər professoru Paolo von Şiraç APA-ya bildirib ki, bu gün Yaxın Şərqdə çox çətin və demək olar fəlakətli xarakter daşıyan münaqişədə yeni bir səhifə açılmış kimi görünür. O deyib ki, bu münaqişə İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin koordinasiyalı şəkildə həyata keçirdiyi genişmiqyaslı bombardman kampaniyası ilə başlamışdı.

Politoloqun sözlərinə görə, ilkin mərhələdə belə görünürdü ki, məqsəd İran rejiminin “başının kəsilməsi”, yəni rəhbərliyin aradan götürülməsi idi: “Münaqişənin ilk günündə İranın Ali Rəhbəri Seyid Əli Xamenei İsrail və ABŞ tərəfindən həyata keçirilən hədəfli bombardman nəticəsində öldürülüb, ondan başqa İranın çox sayda yüksək vəzifəli şəxsi, təxminən 40–50 nəfər də həyatını itirib. Bu, faktiki olaraq ölkənin rəhbər elitası idi və həmin anda belə bir ümid var idi ki, bu qədər yüksək səviyyəli liderləri itirdikdən sonra rejim çaşqın vəziyyətə düşəcək və potensial olaraq çökəcək”.

Paolo von Şiraç deyib ki, bu ssenari reallaşmayıb, sonrakı mərhələlərdə də digər yüksək vəzifəli şəxslərin öldürülməsi davam etsə də, bu, rejimin dağılmasına gətirib çıxarmayıb.

Ekspert hesab edir ki, bu vəziyyət ABŞ və İsrail kəşfiyyatının yüksək imkanlarını nümayiş etdirir: “Onların İran rəhbərliyinin hərəkətlərini və dəqiq yerləşdiyi məkanları bilməsi həqiqətən diqqətəlayiqdir”.

Analitik əlavə edib ki, bundan başqa İranın hərbi potensialının mühüm komponentlərinin sistemli şəkildə məhv edilməsi istiqamətində fəaliyyət həyata keçirilib, raketlər, raket anbarları, buraxılış qurğuları və digər hərbi infrastruktur hədəfə alınıb və bu, İran üçün ciddi itkilərlə nəticələnib.

Bununla yanaşı, o diqqətə çatdırıb ki, bombardman kampaniyası İranın cavab tədbirləri görməsinə səbəb olub. İran ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə və ümumilikdə ABŞ-ın müttəfiqi hesab olunan dövlətlərə raket və dron zərbələri endirib ki, bu da münaqişənin coğrafiyasını genişləndirib.

Paolo von Şiraç vurğulayıb ki, digər mühüm məsələ Hörmüz boğazı ilə bağlıdır. Belə ki, artıq tərəflər arasında atəşkəs razılaşdırılıb və bu, diqqətəlayiq haldır: “Çünki hələ atəşkəsə az qalmış ABŞ İranın kritik infrastrukturuna, xüsusilə elektrik stansiyalarına qarşı genişmiqyaslı zərbələr endiriləcəyini bəyan etmişdi. Bu isə ölkədə ciddi xaosa səbəb ola və xüsusilə mülki əhaliyə ağır təsir göstərə bilərdi”.

Ekspert bildirib ki, gələcəkdə hansı razılaşmaların mümkün olacağı hələ də qeyri-müəyyəndir, Hörmüz boğazının gələcəyi ilə bağlı isə mütləq razılaşma əldə olunmalıdır: “Əgər İran bu boğaz üzərində nəzarəti saxladığını və oradan keçmək istəyən bütün ticarət gəmilərinin, neft tankerlərinin və digər yüklərin keçidi üçün ödəniş tələb edəcəyini desə, bu vəziyyəti daha da mürəkkəbləşdirəcək və böyük ehtimalla Vaşinqton üçün qəbuledilməz olacaq”.

Paolo von Şiraçın fikrincə, hansı kompromisin tapılacağı hələ məlum deyil: “Hər iki tərəf münaqişəni bitirmək istəyir, lakin hansının bunda daha çox maraqlı olduğu tam aydın deyil. Bir tərəfdə İsrail və ABŞ, digər tərəfdə isə İran var. Körfəz ölkələri isə tam olaraq müşahidəçi deyillər, çünki onlar coğrafi mövqelərinə və ABŞ-a hərbi dəstək göstərmələrinə görə münaqişəyə cəlb olunublar”.

Ekspert xüsusilə Qətər və Bəhreyn kimi ölkələrdə yerləşən hərbi obyektlərin bu baxımdan əhəmiyyətli olduğunu qeyd edib.

Sonda Paolo von Şiraç vurğulayıb ki, bu atəşkəsin davamlı olub-olmayacağı və uzunmüddətli sülhə gətirib çıxarıb-çıxarmayacağı hələ sual altındadır: “ABŞ-la İran arasında münasibətlər son dərəcə gərgindir və qarşılıqlı etimad yoxdur. Vaşinqtonda geniş yayılmış fikir ondan ibarətdir ki, Tehrandakı hakimiyyət Qərbə, xüsusilə də ABŞ və İsrailə zərər verməyə hazır olan radikal qüvvələrdən ibarətdir”.

O əlavə edib ki, hazırda real sülhün mümkün olub-olmadığını demək tezdir. Lakin onun fikrincə, Donald Tramp tərəfindən vəd edilən eskalasiya əvəzinə atəşkəsin əldə olunması müsbət inkişaf kimi qiymətləndirilə bilər.

İran daxilində həmrəylik və narahatlıq: atəşkəsə cəmiyyət necə baxır

İranlı siyasi analitik Peyman Salehi APA-ya bildirib ki, 40 gün ərzində ölkə daxilində əvvəlki dövrlərlə müqayisədə mühüm fərqli dinamika formalaşıb. Onun sözlərinə görə, əvvəllər vətəndaş etirazlarının və sosial parçalanmaların daha qabarıq olduğu mərhələlərdən fərqli olaraq, bu dəfə cəmiyyət daxilində genişmiqyaslı həmrəylik müşahidə olunub.

Analitik qeyd edib ki, bu dövrdə cəmiyyətin müxtəlif təbəqələri fikir və siyasi baxış fərqlərinə baxmayaraq, ortaq mövqedə birləşərək ölkənin müdafiəsini prioritet kimi qəbul ediblər. Onun fikrincə, bu həmrəyliyin formalaşmasının əsas səbəbi münaqişənin başlanması və ictimai qavrayışla birbaşa bağlıdır.

Salehinin sözlərinə görə, İran cəmiyyətinin əhəmiyyətli hissəsi hesab edir ki, iki ayrı mərhələdə – İran ilə Qərb ölkələri arasında danışıqlar davam etdiyi vaxtlarda – ölkəyə hücum edilməsi ictimai rəyə ciddi təsir göstərib. Bu amil nəticəsində cəmiyyət daxilində diqqət daxili ziddiyyətlərdən daha çox xarici təhlükə və milli məsələlər üzərinə yönəlib.

Onun fikrincə, belə bir şəraitdə daxili siyasət sahəsində tənqidi mövqedə olan şəxslər belə, xarici təhlükə fonunda fərqli yanaşma sərgiləyərək müəyyən bir milli birlik nümayiş etdirirlər. Analitik vurğulayıb ki, bu dövrdə müşahidə olunan dəstək daxili siyasətlə tam razılıq anlamına gəlmir, daha çox xarici təhdidə qarşı müdafiə refleksi kimi qiymətləndirilməlidir.

Peyman Salehi əlavə edib ki, bu həmrəylik fonunda cəmiyyətdə ciddi narahatlıqlar da mövcuddur. O qeyd edib ki, əhalinin əhəmiyyətli hissəsi atəşkəsin niyə məhz bu mərhələdə elan edildiyi ilə bağlı suallar qaldırır.

Analitikin sözlərinə görə, əsas narahatlıq Hörmüz boğazının əvvəlki rejimdə açılması ilə bağlıdır. Bu vəziyyətin Qərbin müttəfiqlərinə məxsus gəmilərin sərbəst hərəkətinə şərait yarada biləcəyi və bunun da İranın mühüm təzyiq rıçaqlarından birini zəiflədə biləcəyi ehtimal olunur.

O bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı açıqlamaları bu narahatlığı qismən azaltsa da, cəmiyyətdə şübhələr tam aradan qalxmayıb.

Salehi deyib ki, digər ciddi narahatlıq atəşkəsin davamlılığı ilə bağlıdır. Onun sözlərinə görə, əvvəlki təcrübələrə əsaslanan yanaşmalar bu razılaşmanın uzunmüddətli olmayacağı ehtimalını gücləndirir.

Analitik əlavə edib ki, regionda baş verən son hadisələr, xüsusilə İsrailin Livana hücumları gərginliyin yenidən artması riskini artırır və bu da ictimai narahatlıqları daha da dərinləşdirir.

Onun fikrincə, cəmiyyətdə üstünlük təşkil edən yanaşma ondan ibarətdir ki, atəşkəs yalnız İranın irəli sürdüyü şərtlərin reallaşması halında məqbul hesab edilə bilər. Bu şərtlər arasında xüsusilə son illərdə tətbiq edilmiş sanksiyaların tam aradan qaldırılması və Hörmüz boğazı kimi iqtisadi rıçaqların qorunması və gücləndirilməsi xüsusi yer tutur.

Salehi diqqətə çatdırıb ki, hazırkı mərhələdə bu atəşkəslə bağlı qəti nəticə çıxarmaq üçün hələ tezdir. Belə ki, bunun əsas səbəblərindən biri İranın irəli sürdüyü şərtlərin əhəmiyyətli dərəcədə ölkənin xeyrinə formalaşdırılmasıdır, bu da onların tam şəkildə həyata keçiriləcəyi ilə bağlı şübhələr yaradır.

Analitik əlavə edib ki, xüsusilə ABŞ-la əvvəlki danışıqlar təcrübəsi cəmiyyət daxilində razılaşmaların davamlılığı və icrası ilə bağlı ehtiyatlı yanaşmanın formalaşmasına səbəb olub.

Nəticə olaraq Peyman Salehi bildirib ki, cəmiyyətin bir hissəsində formalaşan ümumi mövqe ehtiyatlı realizm kimi xarakterizə oluna bilər. Onun sözlərinə görə, ən yaxşı halda belə, irəli sürülən şərtlərin yalnız bir hissəsinin – təxminən altı və ya yeddi bəndin – praktiki olaraq həyata keçiriləcəyi gözlənilir.

Analitik hesab edir ki, bu səbəbdən mövcud atəşkəs bir çoxları tərəfindən yekun nəticə kimi deyil, yaxın gələcəkdə əldə olunacaq real nəticələrdən asılı olan müvəqqəti mərhələ kimi qiymətləndirilir.

İsrailin təhlükəsizlik baxışı və regionun iqtisadi həssaslığı

İsrailli siyasi analitik Yuri Boçarov ABŞ, İsrail və İran arasında əldə olunan atəşkəsin regionda dərin kök salmış münaqişələrin hərtərəfli həlli kimi deyil, daha çox müvəqqəti sabitləşdirici tədbir kimi qiymətləndirilməli olduğunu bildirib.

APA-ya danışan Boçarov qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət yalnız əsas tərəflərin mövqeləri ilə deyil, həm də regionda ciddi maraqları olan xarici aktorların maraqlarını nəzərə alan geniş və çoxölçülü çərçivədə təhlil edilməlidir.

Onun sözlərinə görə, atəşkəs əsas tərəflər arasında fərqli prioritetləri əks etdirir. ABŞ üçün bu razılaşma əsasən daxili siyasi sabitliyin qorunması və uzunmüddətli xarici hərbi iştirakın xərclərinin azaldılması məqsədi daşıyır. İsrail üçün isə diqqət mərkəzində milli təhlükəsizlik və strateji çəkindiriciliyin qorunması qalır, xüsusilə davam edən təhdidlər fonunda.

Boçarov bildirib ki, Yaxın Şərq ölkələri vəziyyətə daha çox iqtisadi prizmadan yanaşır, enerji bazarlarında sabitliyi və əsas tranzit marşrutlarının təhlükəsizliyini prioritet hesab edirlər. Onun sözlərinə görə, xarici aktorlar isə əsasən qlobal bazarlar, xüsusilə enerji və daşımalar sahəsində risklərin minimuma endirilməsinə fokuslanır.

“Bu kontekstdə atəşkəs qəti həll yolu deyil, daha çox müvəqqəti sabitləşdirmə aləti kimi görünür”, – o bildirib və əlavə edib ki, bu razılaşma diplomatik manevrlər üçün müəyyən imkan yaratsa da, münaqişənin əsas ziddiyyətlərini aradan qaldırmır.

Analitik qeyd edib ki, İsrail daxilində bu razılaşma siyasi və təhlükəsizlik dairələrində ehtiyatlı, bəzi hallarda isə tənqidi qarşılanıb. O vurğulayıb ki, eskalasiyadan əvvəl müəyyən edilmiş bir sıra məqsədlər hələ də yerinə yetirilməyib. Bunlara İranın nüvə proqramının məhdudlaşdırılması, ballistik raket təhdidlərinin azaldılması və Tehranın HAMAS və Hizbullah kimi müttəfiq qeyri-dövlət aktorlarına dəstəyinin dayandırılması daxildir.

Boçarov həmçinin Livan istiqamətində hərbi gərginliyin davam etdiyini, Hizbullah ilə toqquşmaların hələ də baş verdiyini qeyd edərək, eskalasiya dövrünün tam nəzarət altına alınmadığını vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, İsrailin strateji qərarları ABŞ-la münasibətlərindən, xüsusilə hərbi təchizat, texnoloji dəstək və əməliyyat koordinasiyası baxımından ciddi şəkildə asılıdır və bu qarşılıqlı asılılıq atəşkəsə yanaşmanın formalaşmasında mühüm rol oynayır.

“Hazırkı vəziyyət daha çox xarici siyasi amillərin təsiri ilə formalaşmış müvəqqəti fasilə kimi qiymətləndirilir, dayanıqlı nizamlanma kimi deyil”, – o bildirib.

Boçarov əlavə edib ki, regiondakı vəziyyət yüksək dərəcədə dəyişkəndir və hadisələr sürətlə və gözlənilməz şəkildə inkişaf edir, bu da həm qısamüddətli, həm də uzunmüddətli proqnozları qeyri-müəyyən edir.

Sonda analitik qeyd edib ki, bu atəşkəs yekun nöqtə kimi deyil, davam edən və hələ həll olunmamış strateji qarşıdurmanın bir mərhələsi kimi qiymətləndirilməlidir və münaqişənin gələcək trayektoriyası üzərində qeyri-müəyyənlik qalmaqda davam edir.

Yekun

Təqdim olunan üç yanaşma göstərir ki, mövcud atəşkəs regionda yaranmış böhranın həlli deyil, yalnız onun növbəti mərhələsidir. Paolo von Schirachın qiymətləndirməsində əsas vurğu hərbi kampaniyanın miqyası, İran rəhbərliyinin və hərbi infrastrukturunun hədəfə alınması, eləcə də Hörmüz boğazı üzərində nəzarət məsələsinin gələcək gərginliyin əsas faktorlarından birinə çevrilməsidir. Onun fikirləri göstərir ki, hərbi baxımdan ciddi zərbələrə baxmayaraq, ilkin strateji hədəf sayılan rejim dəyişikliyi və ya sistemin çökməsi baş verməyib, bu isə qarşıdurmanın daha mürəkkəb və uzunmüddətli xarakter aldığını göstərir.

Peyman Salehinin yanaşması münaqişənin İran daxilində necə qəbul olunduğunu ön plana çıxarır. Onun təhlili göstərir ki, xarici hücum təhlükəsi İran cəmiyyətində daxili siyasi fikir ayrılıqlarını arxa plana keçirərək milli həmrəylik yaradıb. Eyni zamanda, bu həmrəylik qeyd-şərtsiz dəstək kimi deyil, xarici təhdidə qarşı müdafiə reaksiyası kimi təqdim olunur. Salehinin vurğuladığı narahatlıqlar, xüsusilə Hörmüz boğazının statusu, sanksiyaların ləğvi və atəşkəsin etibarlılığı məsələləri İran cəmiyyətində ehtiyatlı və şübhəli yanaşmanın hələ də güclü olduğunu göstərir.

Yuri Boçarov isə atəşkəsi İsrailin və ümumilikdə regionun təhlükəsizlik arxitekturası çərçivəsində qiymətləndirir. Onun mövqeyi göstərir ki, İsrail üçün əsas problem aradan qalxmayıb, çünki İranın nüvə proqramı, ballistik raket potensialı və regional təsir imkanları ilə bağlı narahatlıqlar qalır. Eyni zamanda, Yaxın Şərq ölkələrinin məsələyə daha çox iqtisadi və tranzit təhlükəsizliyi prizmasından yanaşması münaqişənin təkcə hərbi yox, qlobal enerji və daşımalar sistemi üçün də bir risk faktoru olaraq qaldığını təsdiqləyir.

Beləliklə, hər üç ekspertin fikirlərini bir araya gətirdikdə ortaya çıxan mənzərə ondan ibarətdir ki, regionda nisbi sakitlik yaradan bu atəşkəs dayanıqlı sülh formulu deyil. Tərəflər arasında dərin etimadsızlıq qalır, əsas strateji ziddiyyətlər həll olunmayıb, Hörmüz boğazı kimi açar məsələlər üzrə aydın mexanizm yoxdur və paralel regional gərginlik ocaqları da qalmaqdadır. Bu səbəbdən mövcud razılaşma yekun nəticə kimi deyil, gələcək inkişafın hansı istiqamətdə gedəcəyini müəyyən edəcək müvəqqəti və kövrək mərhələ kimi qiymətləndirilməlidir.

ABŞ-İran münasibətləri İsrail-İran qarşıdurması Yaxın Şərq gərginliyi atəşkəs razılaşması Hörmüz boğazı regional təhlükəsizlik hərbi əməliyyatlar geosiyasi risklər enerji bazarları beynəlxalq münasibətlər

Xəbər Lenti