- Bazar ertəsi, 6 Yanvar, 2025
Tarix: 30.03.2024 11:46
“AzRe Təkrarsığorta” 2023-cü ili 19 milyon 394.4 min manat xalis mənfəətlə bitirib ki, bu isə 2022-ci ilə nisbətən 14.4% və ya 3 milyon 268.7 min manat azdır.
"APA-Economics" bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir. Sığorta şirkəti 2022-ci ili 22 milyon 663.1 min manat xalis mənfəətlə bağlamışdı.
Hesabat dövründə, “AzRe Təkrarsığorta”nın əsas əməliyyat gəlirləri 3.2 dəfə artaraq 115 milyon 25.4 manata bərabər olub. 2022-ci ildə bu rəqəm 35 milyon 442.6 min manat təşkil edib.
Sığorta şirkətinin investisiya gəlirləri 11 milyon 511.1 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 22.8% və ya 3 milyon 392.8 min manat azdır. Bu dövrdə, “AzRe Təkrarsığorta”nın subroqasiya gəlirləri 5.3 dəfə artaraq 806.3 min manat, sair gəlirləri isə 2.1 dəfə artaraq 635.9 min manat olub. Nəticədə, şirkətin cəmi gəlirləri 122 milyon 420.3 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 2.5 dəfə çoxdur.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 5.7 dəfə artaraq 89 milyon 458.7 min manata, sığorta ödənişləri 8.7 dəfə artaraq 77 milyon 396 min manata, işlərin aparılması xərcləri isə 45.5% artaraq 9 milyon 308.7 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 4.4 dəfə artaraq 99 milyon 425 manat təşkil edib.
2023-cü ildə “AzRe Təkrarsığorta”nın maliyyə mənfəəti 10.8% azalaraq 22 milyon 995.3 min manata enib.
Sığorta şirkəti ötən il 1,2% kiçilib. Belə ki, 2024-cü ilin yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın cəmi aktivləri 136.9 milyon manatdan 135.4 milyon manata kimi azalıb. Şirkətin cəmi öhdəlikləri 25.7% azalaraq 44 milyon 240.1 manata enib, cəmi kapitalı isə 17.7% artaraq 88 milyon 717.8 manata yüksəlib.