Cümə axşamı, 4 İyun, 2026
Tarix: 04 Jun 2026 04:04
Livan və İsrail nümayəndələri ABŞ-də keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılıq əldə ediblər.
APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin yaydığı birgə bəyanatda bildirilib ki, tərəflər iyunun 2-3-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıblar.
Bəyanata əsasən, razılaşma “Hizbullah”ın atəşi tam dayandırması və təşkilatın Litani çayının cənubundakı bütün qüvvələrini bölgədən çıxarması şərti ilə həyata keçiriləcək.
Dövlət Departamentinin məlumatına görə, tərəflər ABŞ-ın vasitəçiliyi ilə yaxın vaxtlarda pilot layihə kimi Livan ordusunun nəzarətində olacaq və qeyri-dövlət silahlı qrupların iştirak etməyəcəyi xüsusi zonaların yaradılmasına başlamaq barədə də razılığa gəliblər.
Qeyd olunub ki, bu addımlar sülh və təhlükəsizliklə bağlı hərtərəfli razılaşmanın əldə olunmasına şərait yarada bilər.
Tərəflər həmçinin iyunun 22-dən başlayacaq həftədə siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. ABŞ isə bu müddətdə tərəflər arasında əlaqələndirici rol oynayacağını bildirib.
Livan İsrail ABŞ Atəşkəs
Mənbə: apa.az